date saat
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər yarımildə bir dəfədən az olmayaraq məhkəmələr tərəfindən statistika hesabatı tərtib edilir. Mövcud sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda Ədliyyə Nazirliyi tərəfindən seminarlar təşkil olunur. Məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulur. Məhkəmə sədrləri statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə cavabdehdir.
2019-cu ilin birinci yarımilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə məhkəmə işçiləri üçün Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında seminar keçirilmişdir. Seminarda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsində məsul əməkdaşları iştirak ediblər.
Seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinə dair statistik hesabatlar ildə iki dəfə birinci və ikinci yarımilin sonunda tərtib edilir. Məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları izah edilmiş, lazımi tövsiyələr verilmişdir. Bildirilmişdir ki, statistik hesabat formaları düzgün və səlis tərtib olunmalıdır .
Sonda mövzu ətrafında geniş müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və məhkəmələrə statistik hesabat formaları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti