date saat
“Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi seminar Şahbuz rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilmişdir.
Seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi prosesi barədə məlumat verdi. Qeyd etdi ki, qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İcra hakimiyyətinin nümayəndələri isə doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparmaq və doğum, nikah, ölüm haqqında şəhadətnamələr vermək səlahiyyətinə malikdirlər.
Səyyub Kərimov qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin, eyni zamanda əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırdı. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması zamanı qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı apardıqdan sonra rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə bu məqsədlə müraciət etmiş şəxslər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Qeydiyyat şöbəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.
İcra nümayəndələri tərəfindən doğum, nikah və ölüm haqqında statistik məlumatların qeydiyyat şöbəsinə vaxtında təqdim olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat məlumatlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı müvafiq elektron informasiya sisteminə ötürülməsinin operativliyini təmin etmək üçün vacib əhəmiyyətə malikdir.
Seminarda Şahbuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Könül Əsədova “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının Külüs inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Cavad Cəfərov “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış etmişlər.
Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti