date saat

Ədliyyə Nazirliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyələrin fəaliyyəti sahəsində maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında ..bələdiyyələrin rolu mövzusunda müzakirələr aparılmışdır.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatları ilə bələdiyyələrin qarşılıqlı münasibətləri” mövzusunda çıxış edərək 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasının əhəmiyyəti barədə məlumat verdi.

Bildirdi ki, ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsində bələdiyyələrin də üzərinə qanunvericiliklə səlahiyyətləri çərçivəsində vəzifələr müəyyən olunmuşdur. Qanunvericiliyin tətbiq olunmasına nəzarət nazirliyin əsas vəzifələrindən olduğundan mütəmadi olaraq rayonlarda maarifləndirmə tədbirləri keçirilir. Cəfər Zülfüqarov ailə təsərrüfatlarının gələcəkdə kiçik sahibkarlığa çevriləcəyini və bunun da muxtar respublikanın iqtisadiyyatına müsbət təsir edəcəyini qeyd etdi.

“Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda çıxış edən Kəngərli rayon Qarabağlar bələdiyyəsinin sədri Nurəddin Babayev ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin üzərlərinə düşən vəzifələri diqqətə çatdırdı.

Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək qeyd etdi ki, yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli büdcənin vəsaiti və digər əmlak təşkil edir. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər  və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst  olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və onun barəsində sərəncam verirlər.

Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda çıxış edərək bildirdi ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, icarə, istifadə və digər hüquqlar qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Ayaz Məhərrəmov torpaq icarəsi məsələlərinin tənzimlənməsinə yüksək diqqət və hərtərəfli dövlət qayğısı göstərildiyini və bunun insanların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini qeyd etdi.

Seminarın sonunda verilən suallar ətraflı cavablandırılmış, tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” na dair metodik vəsaitlər təqdim olunmuşdur.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti