date saat
Konstitusiya dövlətin əsas strukturunu, prinsiplərini və fəaliyyət qaydalarını göstərən və fərdlərin hüquqlarını təmin edən üstün hüquqi normalardan ibarətdir. Heç bir qanun və ya digər qayda konstitusiyaya zidd ola bilməz. Bu baxımdan konstitusiya bir ölkənin ali və ya Әsas Qanunudur. O, bir tərəfdən dövlətin quruluşunu və fəaliyyətini, onların əsas prinsiplərini müəyyən edir, orqanların bir-biri ilə münasibətlərini idarə edir, digər tərəfdən hüquq və azadlıqları müəyyən edir və özündə əks etdirir. Azərbaycan xalqı 1918-ci ildə öz tarixində ilk dəfə demokratik əsaslarla dövlət yaratmağa nail olsa da, bu dövlətin cəmi 23 ay davam edən qısa ömrü Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi üçün kifayət etmədi. Müstəqilliyimizin bərpasına qədərki 70 illik dövrdə artıq 3 konstitusiya qəbul olunmuş, lakin həmin konstitusiyalar ittifaq konstitusiyalarına uyğun hazırlanmaqla dövrün siyasi rejiminin ideologiyasını əks etdirmişlər.
Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra isə demokratik və hüquqi dövlət quruculuğunun tələblərinə cavab verən yeni konstitusiyanın qəbulu zəruri idi. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Әliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Ümummilli Lider Heydər Әliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Әsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Böyük zəhmət tələb edən gərgin işdən sonra Әsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli Lider Heydər Әliyev demişdir: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişafetmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin vahid ailə şəklində mehriban, dostluq, qardaşlıq şəraitində yaşamasını nəzərə alaraq, ümummilli liderimiz bərabər hüquqların təmin edilməsi, yəni dilindən, dinindən, milliyətindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların eyni hüquqa malik olması və bu hüquqlardan səmərəli istifadə etməsi imkanlarının Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasını zəruri sayırdı. Ulu Öndər bilirdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını qoyacaq. Çünki Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının təminatçısı və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Konstitusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqını yalnız onun seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər, digər heç kəsin Azərbaycan xalqı adından danışmaq, onun adından müraciət etmək və xalqı təmsil etmək hüququ yoxdur. Konstitusiya ilə müəyyən edilir ki, Azərbaycan xalqının heç bir hissəsi sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Konstitusiyamızın maddələrinin üçdə biri insan hüquqlarına və onların təminatına həsr olunur. Bu da göstərir ki, Ümummilli Lider Heydər Әliyevin rəhbərliyi altında hazırlanmış Konstitusiya humanist olmaqla bərabər, həm də sosial ədalət prinsiplərinə əsaslanır. Әsas Qanuna görə, hər bir şəxsin öz hüquqlarını və azadlıqlarını qanunla qadağan olunmayan vasitələrlə müdafiə etmək hüququ var və bununla bərabər, dövlət özü də bu hüquq və azadlıqların qorunmasına real təminat verir. Yəni Azərbaycan dövləti bütün vətəndaşlara münasibətdə məhz bu prinsipdən çıxış edir. Bu hüquq və azadlıqların əhatə dairəsi olduqca genişdir. Belə ki, insan hüquq və azadlıqları anlayışı yaşamaq hüququ, əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı hüququ, təhsil hüququ, milli mənsubiyyət hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ və başqalarını əhatə edir. Məlumdur ki, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Әsas Qanunun mətninə müvafiq əlavə və dəyişikliklər edilib. Bütün bunlar isə Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsinə, eləcə də insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaradılmasına əsas verən amillərdir. Ulu Öndərimizin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır. Bu gün ölkəmizdə vətəndaş hüquq və azadlıqlarının konstitusion təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Әliyevin daim diqqətindədir. Ölkə başçısı fəaliyyətində daim Әsas Qanuna istinad edərək respublikamızda ümumbəşəri demokratik dəyərlərin, qanunun aliliyinin tam təminatına çalışır. Dövlət başçısının rəhbərliyi altında son illərdə başlanmış ədliyyə fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Həyata keçirilən bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edir. Respublikamızın iqtisadi göstəricilərə görə dünya birliyində özünə layiqli yer tutması, əhalinin sosial rifah halının yüksəlməsinin təməlini məhz vaxtında aparılan konstitusiya hüquq islahatları təşkil etmişdir.
Səttar Zamanov
Naxçıvan Muxtar Respublikası Әdliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi
01 mart 2023-cü il tarixdə "Şərqin səhəri" qəzetində dərc edilmişdir