date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması istiqamətində profilaktika və hüquqi maarifləndirmə işi mütəmadi olaraq davam etdirilir. Bu sahədə növbəti tədbir Kəngərli rayonunun Çalxanqala Kənd Mərkəzində keçirilib. Tədbirdə Kəngərli rayon İcra və Probasiya Bölməsinin icraatında olan icra işləri üzrə borclu şəxslər iştirak ediblər.

Nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev, İcra və probasiya şöbəsinin baş məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Eltural Vəzirov və aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov çıxış ediblər.

Çıxışlarda məhkəmə və digər orqanların qərarlarının vaxtında icra edilməməsi, icradan qərəzli olaraq boyun qaçırılmasının yaratdığı hüquqi məsuliyyət və icra hərəkətlərinin yerinə yetirilməsinə dair tələblər barədə qanunvericilikdən irəli gələn əsas məqamlara toxunulub.

Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qərarların icrası ədalət mühakiməsinin yüksək keyfiyyətinə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Vurğulanıb ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında icra etməyən və ya ödənişləri gecikdirən borclular Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Tədbirdə mövzu ilə əlaqədar borclularla geniş müzakirələr aparılıb, icra sənədi üzrə nəzərdə tutulan ödəmələrin vaxtında ödənilməsinin vacibliyi qeyd edilib.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti