date saat
Fevralın 21-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunun Camaldın Kənd Mərkəzində bələdiyyə üzvləri və qulluqçularının, eləcə də rayon sakinlərinin iştirakı ilə “Bələdiyyə vergilərinin nağdsız yığılması və şəffaflıq prinsipləri” mövzusunda seminar keçirilib.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Xaliq Məmmədov tədbiri giriş sözü ilə açaraq mövzunun mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov, Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov və Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rövşən Mirzəyev mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, yerli özünüidarəetmə orqanları bələdiyyə vergilərinin qanunvericiliyə uyğun olaraq hesablanmasını və tədiyə bildirişlərinin vergi ödəyicilərinə vaxtında çatdırılmasını təmin etməlidirlər. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə nağdsız ödəmə vasitələri ilə həyata keçirilməlidir. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Bu da bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.
Vurğulanıb ki, vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyə orqanları vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarının vergidən tam və ya qismən azad edilməsi və vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər. Belə ki, vergi qanunvericiliyi hər kəsin vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq müəyyənləşdirmişdir.
Eyni zamanda vergi ödəyiciləri də qanunla müəyyən edilmiş vergiləri vaxtında və tam həcmdə ödəməlidirlər. Yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri habelə bələdiyyələrin digər vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Sonda Bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” metodiki vəsait təqdim edilmiş, tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti