date saat

Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin 2022-2023-cü tədris ili üçün birgə təsdiq etdikləri tədbirlər planına uyğun olaraq cari ilin fevral-may ayları ərzində tələbələrin nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsinə cəlb edilmələri nəzərdə tutulmuşdur. Fevralın 17-də Ədliyyə Nazirliyində universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq və İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələrinin və pedoqoji heyətin iştirakı ilə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri, universitetin müəllimi Səttar Zamanov tədbiri giriş sözü ilə açaraq təcrübə kurslarının proqramı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iki ay, dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alan tələblərin isə üç ay müddətində istehsalat təcrübəsi keçməsi nəzərdə tutulmuşdur.  Nəzərdə tutulan təcrübə kursu ərzində tələbələr nazirliyin aparatında və tabe qurumlarında, eyni zamanda bələdiyyələrdə olaraq bu qurumların gündəlik iş prosesində yaxından iştirak edəcəklər. Onlar nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülən işlərlə, kargüzarlıq sənədləri və texniki vasitələrlə əyani tanış ediləcək, bələdiyyə fəaliyyəti ilə bağlı müvafiq məlumatlar əldə edəcəklər. Təcrübə kursunda öyrənilən məlumatlar gələcəkdə tələbələrin ədliyyə sahəsi üzrə nəzəri biliklərinin praktiki şəkildə mənimsənilməsində müsbət təsirini göstərəcəkdir.

Tədbirdə universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquq fənləri kafedrasının müdiri, dosent Qəhrəman Behbudov və müəllimi Elman Abbasov çıxış ediblər. Qeyd olunub ki, nazirliklə universitet arasında əməkdaşlığın həm tələbələrin parktiki biliklərinin artırmalarına müsbət təsir edir, həm də dövlət və cəmiyətimiz üçün ixtisaslı kadr potensialının formalaşmasında xüsusi rol oynayır. Tələbələrə təcrübə kurslarının əhəmiyyəti, onların bilik və bacarıqlarının artırılmasında və peşə seçimində mühüm əhəmiyyəti barədə məlumat verilmişdir.

Sonda tələbələrə tədris olunacaq mövzularla bağlı nazirlik tərəfindən hazırlanan istehsalat təcrübəsi proqramı paylanılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdən sonra təcrübə kurslarına start verilmişdir.

 

             Naxçıvan Muxtar Respublikası

        Ədliyyə Nazirliyinin mətbuat xidməti