date saat

Böyük insan, qüdrətli şəxsiyyət, unudulmaz lider deyirdi: “Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan,  Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Ölkəmizin tarixi bir çox önəmli hadisələrlə zəngindir. Bunların içərisində Konstitusiyanın, yəni Əsas Qanunun qəbulu ən mühüm hadisələrdəndir. Bu bir həqiqətdir ki, ölkəmizin müstəqillik əldə etməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. İlkin olaraq müstəqil dövlətin iqtisadi modelinin yaradılması üçün böyük islahatların aparılması, yeni qanunların qəbul edilməsi, ən başlıcası, ilk milli Konstitusiyanın işlənib hazırlanması ciddi vəzifə kimi qarşıda dayandı. Çünki hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır.

Bu baxımdan da qısa zaman kəsiyində dahi şəxsiyyətin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan Konstitusiya layihəsi hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev demişdir: "Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır". Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət ilk milli Konstitusiyada BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub.

İlk milli Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi. Elə bu məqsədlə də Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, ulu öndərin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-nin ölkəmizdə Konstitusiya günü kimi qeyd edilməsini qərara aldı. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev Konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir.

Ulu öndərin müəllifi olduğu Əsas Qanunun başlıca dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır.

Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik akt olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. Konstitusiyamızda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi ideya və dəyərlər geniş şəkildə əksini tapıbdır. Bunların sırasında insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik qaydada formalaşdırılması, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik xüsusi əhəmiyyət kəsb edir.

Konstitusiyanın üçdə birinin insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli lider Heydər Əliyevin yüksək daxili insanpərvərliyini bir daha təsdiqləyir.  Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi, həm də dövlətimizin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək, vətəndaş cəmiyyətinə qovuşmaq niyyətinin ifadəsinə çevrilibdir.

Əsas Qanunun birinci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. O cümlədən vurğulanır ki, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları var.  Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququnu tanıyır və bu hüququn qorunmasına təminat verir. Təbii ki, bu azadlıqlar sərhədsiz deyildir,  hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də özündə ehtiva edir. Yəni hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.

Əsas Qanuna görə, hər bir şəxsin öz hüquqlarını və azadlıqlarını qanunla qadağan olunmayan vasitələrlə müdafiə etmək hüququ var və bununla bərabər, dövlət özü də bu hüquq və azadlıqların qorunmasına real təminat verir. Yəni Azərbaycan dövləti bütün vətəndaşlara münasibətdə məhz bu prinsipdən çıxış edir. Bu hüquq və azadlıqların əhatə dairəsi olduqca genişdir. Belə ki, insan hüquq və azadlıqları anlayışı yaşamaq hüququ, əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı hüququ, təhsil hüququ, milli mənsubiyyət hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ və başqalarını əhatə edir.

Məlumdur ki, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun mətninə müvafiq əlavə və dəyişikliklər edilib. Bütün bunlar isə Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsinə, eləcə də insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaradılmasına əsas verən amillərdir.

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq və ondan faydalanmaq hər birmizin şərəfli vəzifəsidir.

                                                                                           

 İradə Quliyeva

Ədliyyə Nazirliyinin əməkdaşı, 

II dərəcəli ədliyyə qulluqçusu

"Nuhcixan" İnformasiya Agentliyində dərc edilmişdir