date saat

Fevral ayının 16-da Ədliyyə Nazirliyinin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ədliyyə orqanlarında qeyd edilməsi ilə bağlı təsdiq etdiyi tədbirlər planına müvafiq olaraq gənc ədliyyə işçiləri və könüllülərinin iştirakı ilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir təşkil edilib.

Əvvəlcə Ümummilli Liderin Naxçıvan şəhərində Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev ümummilli liderin misilsiz dövlət idarəçiliyindən bəhs edərək, Heydər Əliyev Muzeyinin yaradılması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvan şəhərində yerləşən bu muzey ümummilli liderin sağlığında yaradılan ilk muzeydir və 1999-cu il 10 may tarixdən fəaliyyət göstərməyə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi baş tutub. Qeyd olunub ki, muzeydə hazırda 5000-dən çox eksponat mühafizə olunur.

Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır.

Nazirliyin əməkdaşları çıxış edərək qeyd ediblər ki, 2023-cü il Azərbaycan Respublikası Prezdenti tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram və xüsusi minnətdarlıqla qeyd olunur. Çıxış edənlər xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətindən və ədliyyə sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Qeyd olunub ki, müasir Azərbaycan dövlətçiliyinin hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə hüquq-mühafizə orqanlarına həssaslıqla yanaşmış, bu sahədə kadrların yetişdirilməsi, xüsusilə gənc kadrların vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin dövlətçilik siyasətinin uğurla davam və inkişaf etdirildiyi, ölkəmizdə demokratik və hüquqi prinsiplərə əsaslanan ənənələrin layiqincə davam etdirilidiyi vurğulanıb.

İştirakçılar muzeydə Ulu Öndərin mənalı ömür yolundan bəhs edən filmə baxmış və titanik fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

 

           Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti