date saat

Fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Aparatının birgə təşkilatçılığı ilə “Uşaqla ünsiyyət hüququnun təmin edilməsi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin İcra və probasiya  şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov açaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının əməkdaşlarının, icra məmurlarının və uşaqla ünsiyyət məsələsi ilə əlaqədar çətinlik çəkən valideynlərin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının şöbə müdiri Asiman Abbasov və baş məsləhətçi Təhminə Ələkbərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elton Həziyev, Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəis müavini I dərəcəli ədliyyə qulluqçusu Rəşad Allahverdiyev və Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səfəralı Vəliyev çıxış ediblər.

Tədbirdə “Uşaqla ünsiyyət hüququ”, “Uşaq hüquqlarının həyata keçirilməsində qanunvericilikdə müəyyən olunmuş prinsiplər”, “Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinin icra statistikası” və “Uşaqla ünsiyyət hüququnun təmin edilməsində yarananan çətinliklər” barədə çıxışlar dinlənilib.

Qeyd olunub ki, uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.  Çıxışlarda uşaqla ünsiyyət məsələlərinin qanunvericiliklə müəyyən olunmuş prinsipləri, qaydaları və əhəmiyyəti barədə əsas məqamlara toxunulub. Bildirilib ki, uşaqların şəxsiyyət və vətəndaş kimi formalaşmasında ünsiyyət hüququnun mühüm təsiri vardır və onların hüquqlarının qorunması zamanı fiziki və hüquqi şəxslər uşaq mənafelərinin üstünlüyünə təminat verməlidirlər.

Tədbirin gedişatı zamanı iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırılmışdır. Həmçinin icrası çətinlik yaradan məsələlərlə əlaqədar müzakirələr aparılmış və həmin məsələlərin qanunvericilik çərçivəsində aradan qaldırılması nəzarətə götürülmüşdür.

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti