date saat

Fevralın 04-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində vətəndaşlarla daha çox təmasda olan və onlara xidmət göstərən əməkdaşlar üçün “Vətəndaşlarla effektiv ünsiyyətin qurulması” mövzusunda treninq təşkil edilib.

Nazirliyin struktur qurumlarında çalışan ədliyyə işçilərinin cəlb edildiyi təlimdə “Ədliyyə işçilərinin xidməti davranış qaydalarına dair qanunvericiliyin tələbləri”, “Ünsiyyətin verbal və qeyri-verbal vasitələri” və “İdarəetmənin psixologiyası və vətəndaşlarla effektiv ünsiyyət”  mövzuları üzrə mühazirələr diqqətə çatdırılıb.

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi nazirliyinin Kadrlar bölməsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev, Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza bölməsinin rəisi, II dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcov və Naxçıvan Müəllimlər İnstitunun Tədris və Tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru, dosent Çapay Quliyev tərəfindən həyata keçirilmişdir.

Təlimdə ədliyyə qulluqçularının davranış qaydalarına dair qanunvericilikdən irəli gələn əsas məqamlar barədə ətrafı məlumat verilib. Bildirilib ki, vətəndaşlarla ünsiyyətdə olan hər bir ədliyyə əməkdaşı öz hərəkətlərinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməlidir. Məruzəçilər tərəfindən idarəetmənin psixoloji xüsusiyyətləri, rəhbər işçi münasibətləri, vətəndaşlarla ünsiyyətin effektiv metodları barədə danışılıb, peşəkar şifahi ünsiyyət bacarıqları, vəzifəsindən asılı olmayaraq, hər bir əməkdaşın düzgün dəqiq və ifadəli, mədəni peşəkar şifahi və yazılı nitqə malik olmasının vacibliyi vurğulanıb. Kollektivlə ünsiyyətin planlanmasının, təşkil edilməsinin əhəmiyyətli məqamlarına toxunulub. Qeyd olunub ki, peşəkar fəaliyyətində məqsəd və istəklərinə uyğun ünsiyyət qura biləcək, peşəkar ünsiyyəti ilə bağlı idarədaxili və iş yerinin xaricində sənədləşmə işlərini uğurla və düzgün aparan, özünü inkişaf yolu ilə daha çox peşəkar ünsiyyət bacarıqları əldə etməsinə çalışan əməkdaşlar vətəndaş məmnunluğunun yaranmasına, nəticədə isə çalışdığı dövlət orqanının nüfüzunun yüksəlməsinə şərait yardacaqdır.

Sonda mövzular ətrafında müzakirələr aparılmış,  iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

           Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti