date saat

Bəşər tarixinin ən qədim çağlarından başlayaraq ailə və onunla bağlı münasibətlər öz əhəmiyyətinə görə digər münasibətlərdən əsaslı şəkildə fərqlənmişdir. Hər bir xalqın ailə dəyərləri, heç şübhəsiz, onun öz mənəvi xüsusiyyətlərinə, adətlərinə, yaşayış tərzinə söykənməkdədir. Bu baxımdan Azərbaycan xalqı da öz milli və mənəvi dəyərlərinə söykənən çoxəsrlik ailə dəyərlərini yaratmışdır. Lakin müasir dövrün inkişaf tempi, ölkələr arasında yaranan yeni münasibətlər, bu və ya digər səbəblərdən miqrasiya prosesləri, həmçinin kütləvi informasiya vasitələrinin və internet resurslarının bolluğu müxtəlif xalqların bir-birinin həyatına inteqrasiyasını sürətləndirmişdir.

Təbii ki, ölkəmiz də bu zəruri inteqrasiyadan kənarda qalmır, beynəlxalq münasibətlərin subyekti kimi sosial-iqtisadi, siyasi və hüquqi müstəvidə öz yerini almaqdadır. Xalqların bir-birinin həyatına bu və ya digər səviyyədə inteqrasiyası yaxşı xüsusiyyətlərlə yanaşı, eyni zamanda digər problemlərə, eləcə də müəyyən qədər ailə problemlərinin yaranmasına da səbəb olur. Belə səbəblərdən biri də Avropa ölkələrinin televiziya kanallarının müxtəlif cihazların, eləcə də internet resurslarının köməyi ilə yaşayış evlərində yayımlanmasıdır. Bütün bunların nəticəsi olaraq ailə münasibətlərinə, ümumilikdə, qəbul etsək, cəmiyyətin və dövlətin maraqlarına uyuşmayan yad dəyərlər də daxil olmaqdadır.

Əsrlərdən bəri özünün ənənəvi yaşayış qaydalarına uyğunlaşan bir cəmiyyətin bütöv halda həmin yad dəyərlərə, adətlərə qısa müddət ərzində uyğunlaşması mümkün deyil. Mümkün olmadığı kimi, həmçinin gələcəkdə hüquqi nəticələr doğuran bir çox səbəblər də yaratmaqdadır. Misal üçün ailədaxili münaqişələrin yaranmasına, məişət zorakılığına, və digər hüquqpozmalara rəvac verən səbəblər meydana çıxır. Zərərli informasiya məhsullarının respublika ərazisində yayımlanmasının cəmiyyətin müxtəlif yaş kateqoriyalarına, xüsusilə də uşaqlara vura biləcəyi zərəri nəzərə alınaraq “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın yolverilməzliyi həmin qanunun prinsipləri kimi müəyyən edilmişdir. Adıçəkilən qanunla informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılmış, müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmışdır. İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya həmin qanuna müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir.
Müasir dövrün sosial problemlərindən biri də internet resurslarından ifrat qaydada istifadə olunmasıdır. Mütəxəssislərin araşdırması nəticəsində müəyyən edilmişdir ki, internet resurslarından, həmçinin kompüter oyunlarından hədsiz dərəcədə istifadə olunması müəyyən xoşagəlməz vərdişlərin formalaşmasına gətirib çıxarır. Bu zərərli vərdişlərdən ən çox əziyyət çəkən isə, təbii ki, uşaqlardır. Həmin uşaqların inkişafında müəyyən qüsurlar yaranır və onların psixoloji vəziyyətində aqressivlik və qəzəb müşahidə olunur. Virtual reallıq, özünün geniş imkanları ilə nəinki, uşaqları, hətta böyük yaş qrupuna daxil olan insanları da öz ağuşuna ala bilmişdir. Bu insanların bir çoxu elə həmin uşaqlara nəzarət etməli olan valideynlərdir. Çox mühüm və həssas məsələlərdən biri də kompüter oyunlarının real təhlükəyə çevrilməsidir. Belə oyunlardan biri “Kazino” oyunlarıdır ki, həmin oyunlar virtual qumar hesab olunur. Bütün asudə vaxtlarını monitor arxasında keçirən şəxslərin, eləcə də valideynlərin bu cür oyunlara aludəçiliyi məsələsi xüsusi narahatlıq doğurur. Kompüter oyunlarına aludə olan insan, sözün əsl mənasında, virtual reallıqda yaşayır, onu nə özünün, nə də ki, cavabdeh olduğu ailənin məsuliyyəti maraqlandırır. Mütəxəssislərin fikrinə görə, bu asılılığın ən pis tərəfi odur ki, o, adətən, yaxınlarınızda şübhə doğurmadan olduqca zərərsiz başlayır. Məhz buna görə də həmin oyunların aludəliyi ilə mübarizə aparmaq çox çətindir və həmin şəxsi xilas etmək elə də asan deyil. Çünki zaman keçdikcə oyunçunun ətraf mühitə, həmçinin ailə üzvlərinə diqqəti azalır, həm işdə, həm də evdə öz vəzifəsinə laqeyd yanaşır. Nəticədə, virtual oyunlardan asılılıq ailənin dağılmasına, işdə problemlərə səbəb olur, depressiyaya, tənhalığa gətirib çıxarır.
Müasirlik və ya müasir tələblərin yaxşı tərəflərini qəbul etmək, elm və təhsilin müasir yeniliklərinə yiyələnmək, əlbəttə, cəmiyyətin hərtərəfli inkişafına zəmin yaradır. Lakin bəzilərinin düşüncələrində müasirlik anlayışı yanlış olaraq birbaşa Avropa ölkələrinin sosial və mədəni arenasına daxil olmaq kimi başa düşülür. Onların həyat tərzinə uyğun yaşamaq arzusu, qısa müddətdə Avropa və ya başqa Qərb ölkələrinə inteqrasiya olunmaq tələskənliyi özlüyündə bir sıra sosial fəsadlar yarada bilir. Çünki çoxəsrlik ailə və cəmiyyət anlayışımıza, oturuşmuş adətlərimizə zidd addımlar heç vaxt birmənalı qarşılanmır və qarşılana da bilməz. Bunun nəticəsində cəmiyyətdə həmin şəxslərlə, eləcə də onların ailəsində tərbiyə alan uşaqlarla ünsiyyət müəyyən çətinliklər yaradır. Burada daha bir mühüm məqamı da vurğulamaq yerinə düşər ki, həmin şəxslərin yaşlı nəslin nümayəndələrinə qarşı, həmçinin öz valideynlərinə qarşı münasibətlərində müəyyən qədər laqeydlik, biganəlik hiss olunur. Yeri gəlmişkən qeyd edim ki, həmin laqeydlik məsələsinə münasibət ailə qanunvericiliyində öz əksini tapmışdır. Belə ki, ailə qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin yetkinlik yaşına çatmış övladlar da maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Göründüyü kimi, qanunda bu tələb onun sosial mahiyyətinə görə təsbit edilmişdir. Çünki hər bir ictimai münasibət özünün sosial mahiyyətinə görə qanunvericilik normalarında əks olunur. Buna görə də milli qanunvericilik sisteminə daxil olan qanunun tələbləri bu xüsusiyyətləri özündə ehtiva edir. Qanunda nəzərdə tutulmasaydı belə, hər birimiz bu mənəvi tələbin milli xüsusiyyətlərdən yarandığını bilirik. Lakin bu normanın qanunvericiliklə müəyyən edilməsinin zəruri tərəfi ondan ibarətdir ki, ailə dəyərlərinin bu xüsusiyyəti də dövlətin müdafiəsi altındadır. Əgər ehtiyac yaranarsa, qanunun tələbi kimi icra olunacaqdır.
Sosial mahiyyətinə görə narahatlıq doğuran məsələlərdən biri də özünü doğrultmayan, köhnə adətlərə söykənən və ya köhnə adət-ənənələrlə pərdələnməyə çalışılan elə “tərbiyə” və ya elə “ailə idarəçiliyi” metodları vardır ki, ailədə uşaqlara və qadınlara qarşı zorakı hərəkətlərlə müşahidə edilir. Bəzən ailəyə şəxsi mülkiyyəti kimi baxan və davranan ailə başçıları olur. Lakin bilmək lazımdır ki, ailə qanunvericiliyinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə könüllü ittifaqıdır. Nikaha daxil olarkən ailə münasibətlərində insanların bir-birinin hüquqlarını hər hansı formada məhdudlaşdırması qadağandır. Ər və arvadın ailə münasibətləri onların hüquq bərabərliyinə əsaslanır. İstər şəxsi əmlak hüquqları, istərsə də uşaqların tərbiyəsi və təhsili olsun. Birmənalı olaraq bütün ailə məsələləri ər və arvadın birgə səyi ilə həll edilməlidir. Qeyd edək ki, hüquqpozmaların bəziləri ailədaxili münasibətlərdə məişət zorakılığı ilə bağlı olur, yəni şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi kimi hallar da baş verir. Qeyd olunan hərəkətlərlə ailə üzvlərinin hüquqlarının pozulması hüquqi məsuliyyət yaradır və təqsirkar şəxslər yol verdikləri əməllərə görə cavabdehlik daşıyırlar. Qanunvericiliyə əsasən ərin (arvadın) yaxud uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törədilərsə, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməklə yanaşı, valideynlik hüququndan da məhrum edilə bilərlər. Məhkəmədə valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən həmin valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsi də həll edilir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən gələcəkdə uşaqdan hər hansı təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququndan məhrum olurlar. Məsələn, gələcəkdə həmin valideynlər və ya onlardan biri əmək qabiliyyətini itirərlərsə və yardıma ehtiyacları olarsa, həmin övladına münasibətdə özlərinin saxlanmasını və ya onlardan aliment tələb etmək hüququnu, həmçinin həmin uşağa münasibətdə vərəsə olmaq hüququnu və digər hüquqlarını da itirmiş olurlar.
Məzmun etibarilə ailə münasibətlərinə təsir edən amillər və onların hüquqi nəticəsi barədə müəyyən məlumatları oxucuların nəzərinə çatdırmağa çalışdıq. Lakin ailə münasibətlərinə, həmçinin onun dəyərlərinə zərər yetirən amillərin əhatə dairəsi kifayət qədər genişdir. Hər hansı hüquq pozuntusu, xüsusilə ailə münasibətlərinə edilən qəsd, bütövlükdə, cəmiyyətin və dövlətin maraqlarına edilən qəsd kimi başa düşülməlidir. Çünki bir ailədə kifayət qədər qayğı və nəvazişlə böyüməyən, yaxud fiziki və psixoloji təzyiqə məruz qalan uşaq gələcəkdə həm özünün, həm də başqalarının həyatı üçün ciddi təhlükə yaradır. Buna görə də vətəndaş cəmiyyətinin bir üzvü olaraq hər birimizin hüquqi və mənəvi borcu üzərimizə düşən məsuliyyəti dərk etməkdir. Bir sözlə, cəmiyyətin kiçik modelini və özəyini təşkil edən ailə, ailədaxili münasibətlər milli ailə dəyərlərimizə uyğun qorunmalı və müdafiə olunmalıdır. Bütövlükdə, dövlətin və cəmiyyətin daha da dinamik inkişafı naminə ailə münasibətləri də inkişaf etdirilməlidir.

Siyavuş Babayev 

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşı

"Şərq qapısı"  qəzetində və "Serqqapisi.az" saytında dərc edilmişdir