date saat

Yanvarın 27-də təsdiq etdilmiş tədbirlər planının icrası məqsədilə  Cəlilkənd kənd mərkəzində rayon sakinlərinin iştirakı ilə “Erkən nikah və onun fəsadları mövzusunda” maaarifləndirici seminar keçirilib.

Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Surayə Bəşirova açaraq mövzunun aktuallığından və  maarifləndirici tədbirlərin müsbət təsirindən bəhs etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elton Həziyev “Erkən nikah ailə institumuzun təhdididir” mövzusunda çıxış edərək ailə dəyərlərimiz, onun əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, erkən evliliklərə dünyada olduğu kimi, ölkəmizdə də daha çox qızlar məruz qalırlar. Uşaq yaşda qurulan ailələrin təməli sağlam olmur və ailə münaqişələrinin yaranmasına birbaşa təsir edir.

“Erkən nikah problemlərinin sosial və hüquqi tərəfləri” barədə Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həbibə Əliyeva məlumat verib. Bildirib ki, qızların erkən nikaha məruz qalmaları onların sosiallaşmasına, cəmiyyətə adaptasiyasına mane olur. Təhsildən yayınmaları nəticəsində təhsil hüquqları pozulur, bu isə öz növbəsində onların gələcəkdə öz hüquqlarını bilməmələrinə, nəticədə isə cəmiyyətin savadsızlaşmasına şərait yaradacaqdır.

Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov “Ailənin mediasiyasında mübahisələr və erkən nikahın fəsadları” mövzusunda vacib məqamlara toxunub. Qeyd olunub ki, ailədaxili münaqişlərin baş vermə səbəbləri statistikasında erkən evliliklərdə olan münaqişə və mübahisələr üstünlük təşkil edir və  belə evliliklərdə anlaşılmazlıqların aradan qaldırılmasında çətinlik çəkilir.

“Ekən nikah nəticəsində qeydə alınan nikahların uğursuz nəticələnməsinin səbəbləri” haqqında Şərur Rayon Nikah Evinin müdiri Aybəniz Fərəcova danışıb. Erkən evliliklərin müxtəlif səbəbələrindən bəhs edərək, həmin səbəblərin acı nəticələrini də diqqətə çatdırıb. Təəssüflə qeyd olunub ki, erkən nikahın fəsadları təkcə erkən yaşda ailə quran qızlara deyil, onların dünyaya gətirdikləri uşaqlara, öz valideynlərinə, ümumilikdə isə bütün cəmiyyətə mənfi təsir edir.

Çıxışlarda vurğulanıb ki, ölkəmizdə erkən nikahlara  qarşı davamlı olaraq hüquqi islahatlar, maarifləndirici tədbirlər təşkil edilir. Görülən işlər nəticəsində erkən nikahların sayında xeyli azalmalar baş versə də, təəssüflər olsun ki erkən nikah məsələsi tam olaraq aradan qaldırılmayıb. Bunu hər il erkən yaşda qadınlardan doğulan uşaqların statistikası da təsdiq edir. Məruzəçilər tərəfindən erkən nikahlara son verilməsinin yolları barədə müzakirələr aparılmış, bu barədə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyü nəzərə çatdırılmışdır. Erkən nikah insan hüquqlarının pozulmasıdır və bu hüquq pozuntusu təkcə erkən nikaha məruz qalan fərdlərin taleyinə deyil, cəmiyyətin və dövlətin inkişafına mane olur.

Tədbirin gedişatı zamanı müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti