date saat
Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov açaraq qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti barədə məlumat vermişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək dövlət tərəfindən ailələrə və xüsusilə də gənc ailələrə göstərilən qayğıdan ətraflı bəhs edib. Vurğulanıb ki, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkşaf etməsini diqqətdə saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir.
Sonra “Nikahın qeydə alınması” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva nikahın qeydə alınması prosesinin qanunvericilkdə təsbit olunmuş müddəti və qaydaları barədə ətraflı məlumat verib. Nikaha daxilolmanın minumum yaş həddi, nikahın bağlanılmasına mane olan hallar və qanunvericilikdə nəzərdə tutulmuş digər məqamlardan bəhs edib, müvafiq sahə ilə bağlı sualları cavablandırıb.
Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin kafedra müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış edərək gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat verib
Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam edib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti