date saat
Hələ qədim zamanlardan insanlar arasında yaranan münaqişələri məhkəmə və digər sturukturlara daşımazdan əvvəl ağsaqqallar, ailə böyükləri yığışıb yoluna qoyardılar. Müasir dövrdə də bir növ yaranan münaqişələrin həllində danışıqlar masasına oturulması, məsələnin öz oxundan kənara çıxmamış həll edilməsi üçün alternativ yol təqdim edilir. Həmin bu proses qanunvericilikdə mediasiya adlanır. Mediasiya latın sözüdür hərfi mənası isə vasitəçilik deməkdir və dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətb iq olunur.
Ölkəmizdə isə 01 iyul 2021-ci il tarixdən “Mediasiya haqqında” Qanun qüvvədədir. Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləmək, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən etmək məqsədi daşıyır. Mülki işlər və kommersiya, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə daxildir.
Qanuna əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır və könüllülük, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı və konfidensiallıq prinsiplərinə əsasında həyata keçirilir.
Mübahisələrin alternativ həll yollarından biri olan mediasiyanın günlük qarşılaşdığımız problemlərin, yaranmış münaqişələrin həll edilməsində və gərginliyin azaldılmasında böyük rolu vardır. Mediatorun rolu tərəflər arasında baş tutan uğursuz söhbətlərdən sonra daha da artır. Bəs mediasiyanın üstünlüyünü göstərən məqamlar hansılardır.
Məlum məsələdəir ki, işlər məhkəməyə gedən zaman mübahisələr artıq ziddiyət səviyyəsində olur və məxfilik prinsipi pozulur. Tərəflərdən biri mütləq digər tərəfin cəzalanmasını tələb edir. Məhkəmə tərəfindən qəbul edilən qərar məcburi qaydada yerinə yetirilməni şərtləndirir, eyni zamanda inzibati nəzarət tətbiq olunur. Mediasiya prosesi zamanı isə tərəflər arasında yaranan mübahisələr danışıqlar, qarşılıqlı razılaşmalar yolu ilə, tərəflərin arzusu nəzərə alınaraq həyata keçirilir.
Mediasiyanın üstünlüklərindən biri də məsələnin konfidensiallığının qorunmasıdır. Mediator hər zaman gizliliyə və tərəflərin məlumatlarının güvənli şəkildə istifadəsinə önəm verir. Demək olar ki, məhkəməyə daşınan bütün münaqişələr sirr olmaqdan çıxır, tərəflər məsələ ilə bağlı bütün məqamların aydınlığa çıxmasına çalışırlar. Əksər hallarda münaqişə tərəfləri ailə üzvləri, qohumlar, tanışlar olur. Məhkəmə prosesləri çəkişmə prinsipi əsasında həyata keçirildiyindən maksimum dəlillər, sübutlar ortalığa qoyulur. Beləliklə, tərəflər arasında yaranan münaqişələr daha da şiddətlənir. Mediasiya prosesində isə məqsəd haqlı və ya haqsız tərəfin tapılıb cəzalandırılmasından ibarət olmur. Bu prosesdə əsas məqsəd tərəflərin uzlaşmasının təmin edilməsi olduğundan bəzi məqamların üstündən keçilir, mübahisəli məsələlər həll edilməyə yönləndirilir. Belə desək mediator tərəfləri məsələni həll etməyə fokuslandırır. Ona görə ailə və digər məsələlərlə əlaqədar yaranan münaqişələr zamanı məxfilik prinsipi gözlənilmiş olur.
Mediasiyanın əsas üstünlüklərindən biri də məsələnin həlli üçün tərəflər maraqlı olurlar. Problemin danışıqlar yolu ilə həll edilməsi üçün öz mövqelərini nümayiş etdirilər. Məhkəmə çəkişmələri qalib və məğlub prinsipi etibarı ilə həyata keçirildiyindən tərəflər arasında münasibətlər pozulur, bəzən daha böyük incikliklərin təməli qoyulur. Mediasiya prosesində isə tərəflər könüllü olur, sadəcə olaraq mediatorlar mübahisə tərəflərinin sərbəst qərar vermələrinə yardımcı olur. Tərəflər yaranmış mübahisələrin həlli üçün üçüncü tərəfə, yəni vasitəçiyə müraciət edərək ünsiyyətin yaxşılaşdırılması üçün dəstək istəyirlər. Beləliklə də tərəflər bir birlərinin mövqelərini daha yaxşı anlayır, mübahisəni həll etməyə hazır olurlar. Rahat şəkildə tərəflər aralarında yaranmış mübahisəli məsələləri ortaya qoyub müzakirə edir, həlli üçün çıxış yolu axtarırlar. Bu həmdə konkret məhkəmələrdən fərqli olaraq vaxta və xərclərə qənaət edilməsinə imkan verir. Eyni zamanda münasibətlərin pozulmasının qarşısı alınır. Mediasiyada bütün qərarlar könüllü qəbul edilir və məcburi icra tətbiq edilmir. Mediasiya haqqında qısa məlumatlardan aydın olur ki, məhkəmə mühakimə üsulünü bir çox məqamlarda üstələyir. Mediasiya mübahisələrə münasibətdə əks qütblü yanaşmalardan kənarlaşmağa və tərəflərin maraq və mənafelərində fərqliliyi qəbul etməyə onları qeyri-müəyyən hesab etməməyə imkan yaradır. Yaradıcı yanaşma və gələcək əməkdaşlığa şüurlu meyl əvvəllər mümkünsüz görünən nəticələri mümkün edir. Mediasiya tərəflərin vaxt, pul və emosional qüvvələrinə qənaət etməyə imkan verir. Onun aparılması zamanı prosesin şəraiti, təşkili və məzmunu mübahisə iştirakçılarının özləri tərəfindən birgə müəyyən edilir. Bu üsül konfliktin özündən, kimin doğru kimin günahkar olduğunu araşdırmaqdan və qalibiyyətdən çox məsələnin tam həllinin tapılmasına istiqamətlənir. Mediasiya tərəflərə gələcəyə baxmağa və yaradıcı qabiliyyətlərindən istifadə etməyə imkan verir. Mediasiyanın köməyi ilə mübahisələrin həlli zamanı əldə olunmuş razılıqlar bir qayda olaraq daha uzunömürlü olur, hadisələrin real vəziyyətinə, tərəflərin istəyinə daha uyğundur, bu da onların həyata keçirilməsini qarşılıqlı qəbul edilən və təbii addım kimi səciyyələndirir.
Belə ki, mediatorlar münaqişəli məsələrə başqa pəncərədən baxmağa, ortaq maraqların irəli çəkilməsinə vasitəçilik edirlər. Məsələnin həllində tərəflərin verdiyi məlumatlar əsasında çıxış yolları təklif edir, mübahisələri sülh yolu ilə qaydasına qoymağa çalışırlar. Nəticə etiabarı ilə hər iki tərəf prosesin nəticəsindən məmnun qalar, maraqları təmin olunursa mediasiya razılaşması əldə edilir. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri barədə məlumatlar əks olunur.
Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
Nuranə Kərimova
Ədliyyə Nazirliyinin əməkdaşı
"Naxcivanxeberleri.com" internet səhifəsində dərc olunmuşdur