date saat
Dekabrın 27-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövsuzunda beynəlxalq elmi-praktik konfrans təşkli edilib.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti Akademiyalarının, Ədliyyə Nazirliyinin, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, həmçinin Türkiyə, Rusiya Federasiyası və Belarus Respublikasının nümayəndələri çıxış ediblər.
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisinin, Ombudsman Aparatının, Konstitusiya Məhkəməsinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti Emin Əliyev də onlayn formatda qoşularaq çıxış edib.
Ekspert konfransda “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasında məhkəmə ekspertizasının rolu” mövzusunda çıxış edərək məhkəmə ekspertizası fəaliyyətinin məqsədi, məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması qaydaları barədə ümumi məlumat vermişdir. Eləcə də cinayət işlərinin istintaqı, mülki işlərin məhkəmə baxışının həyata keçirilməsi zamanı ortaya çıxan zəruri məsələlərlə bağlı elm, texnika, incəsənət və sənətin müxtəlif sahələrinə aid təcrübi biliklərin tədqiqi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının pozulmamasına diqqət yetirilməsi kimi vacib məsələlərdən bəhs etmişdir.
Emin Əliyev qeyd edib ki, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, onların qorunmasına nəzarət təkcə respublikamızda deyil, dünyanın bütün ölkələrinin əsas məqsədlərindən biridir. Bu səbəbdən də ölkəmizdə bütün sahələrdə olduğu kimi ədliyyə orqanlarının, məhkəmə sisteminin və məhkəmə ekspertizası sahələrinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması məhkəmə ekspertizası fəaliyyətinin əsas prinsipləri hesab olunur və qanunçuluğun təmin edilməsi məqsədi ilə aparılan ekspert tədqiqatlarında elmin və texnikanın müasir naliyyətlərindən hər zaman məharətlə istifadə olunmasını zəruri edir.
Konfransın sonunda bəyannamə oxunub, iştirakçılara konfrans materialları və sertifikatlar təqdim edilib
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti