date saat
Dekabrın 23-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsində məsul əməkdaşlarının iştirakı ilə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında “Məhkəmə statistikasının aparılması qaydaları” ilə bağlı növbəti seminar keçirilmişdir.
Qeyd edək ki, bu sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda Ədliyyə Nazirliyi tərəfindən seminarlar təşkil olunur. 2022-ci hesabat ilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə məhkəmə işçiləri üçün təşkil olunan seminarda məhkəmə statistikası hesabat dövrü ərzində birinci instansiya məhkəmələrinin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.
Seminarda qeyd olunub ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmələr fəaliyyətlərinə dair statistik hesabatlar tərtib edir və nazirliyə təqdim edirlər. Nazirlik məhkəmələrdən daxil olan illik və yarımillik statistik hesabatları ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir. Müvafiq məhkəmələr üzrə tərtib edilmiş hesabatlar məhkəmə sədrləri tərəfindən təsdiq edilir və onlar statistik hesabatlarda göstərilən məlumatların düzgünlüyünə cavabdehdirlər. Məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır.
Çıxış edənlər tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları geniş şəkildə izah edilmiş, kargüzarlıq sahəsində lazımi tövsiyələr verilmişdir. Bildirilmişdir ki, statistik hesabat formaları düzgün və səlis tərtib olunmalıdır .
Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və onlara ilin sonu ilə əlaqədar istifadə edilməsi üçün statistik hesabat formaları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti