date saat

Dekabrın 21-də Ədliyyə Nazirliyinin əməkdaşları  tərəfindən Sədərək rayonunda həmin rayon üzrə icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra işləri üzrə borclu şəxslərlə profilaktik söhbət aparılıb.

Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov bildirib ki, məhkəmə qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması nazirlik tərəfindən diqqətdə saxlanılır. Nazirlik olaraq  icraatda olan bütün icra işlərinin vaxtında icra olunması üçün bütün imkanlardan istifadə olunur.

Sonra nazirliyin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi II dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov icra sahəsində qanunvericiliyin tələbləri barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, məhkəmə qərarlarını vaxtında icra etməyənlər inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. Diqqətə çatdırılıb ki, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular barədə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmuşdur. Söhbət zamanı  borclu şəxslərə məhkəmə qərarlarının icra edilməməsinin digər hüquqi nəticələri, xüsusəndə borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilib.  

Sonda aliment və pul tələbi ilə bağlı ödənişlərini vaxtında ödəməyən borclular da dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onların suallarına aydınlıq gətirilmişdir.

 

           Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti