date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsi sahəsində işlər davam etdirilir. Bu məqsədlə bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil edilir, onlara metodiki köməkliklər göstərilir və zəruri metodiki vəsaitlərlə təmin edilirlər.
Bu sahədə görülən işlərin davamı olaraq Bələdiyyələrlə iş mərkəzinin əməkdaşlarının iştirakı ilə növbəti görüşlər ay ərzində Kəngərli və Sədərək rayonları üzrə fəaliyyət göstərən bələdiyyə orqanlarında keçirilmişdir. Görüşlər zamanı qeyd edilən rayonlar üzrə fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilmiş, bələdiyyə sədrləri və üzvlərini maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara metodiki köməklik göstərilmişdir. Eyni zamanda bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərə icarəyə verilməsinin qanunvericilklə nəzərdə tutulmuş qaydaları və proseduru, torpaqların icarəyə verilməsi zamanı bağlanılan müqavilə, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin əhəmiyyəti diqqətə çatdırılmış, işlərin günün tələbi səviyyəsində qurulması üçün səylərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Bələdiyyə mülkiyyətində olan torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsi ilə bağlı tərəflər arasında bağlanan müqavilələrin, bələdiyyə qərarlarının qanunvericiliyə uyğun tərtib edilməsi ilə bağlı nümunələr təqdim edilərək işlənilməsi izah olunmuşdur. Diqqətə çatdırılmışdır ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi yalnız bələdiyyə qərarı əsasında aparılmalı, vətəndaşların ərizələri alınmalı və müəyyən edilmiş icarə haqqı ödənildikdən sonra tərəflər arasında icarə müqaviləsi bağlanılmalıdır.
Bələdiyyə sədrlərinə və qulluqçularına büdcə vəsaitinin xərclənməsi ilə bağlı bələdiyyə qərarının tərtib edilməsi sahəsində tövsiyələr verilmiş, nümunə qərarlar tərtib edilmiş, gələcəkdə maliyyə vəsaitlərinin xərclənməsi zamanı neqativ hallara yol verilməməsi üçün onlarla maarifləndirici söhbətlər aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti