date saat

Hər bir insan vətəndaşlıq kimliyi ilə mənsub olduğu dövlətin, eləcə də aid olduğu xalqın təmsilçisidir. Vətəndaşlıq anlayışı təkcə hər hansı bir dövlətə siyasi və hüquqi bağlılıqla məhdudlaşmır. Həm də mənəvi əsaslara söykənən geniş bir anlayışa malikdir.  Aid olduğu torpağa və xalqına sadiqlikdir vətəndaşlıq. Vətənpərvərlik bizim xalqın ən gözəl mənəvi  xüsusiyyətlərindən biridir. Biz bunu Vətən müharibəsində əyani olaraq daha qabarıq şəkildə gördük və yaşadıq. Bu haqq savaşında biz xalq olaraq bütöv olduq. Din, dil, irq, etnik mənsubiyyət fərqi vətəndaş həmrəyliyi, xalqın vahidliyi ilə bütövləşdi. Bütün dünyaya bir daha sübut edildi ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Sadəcə, dinc dövrdə deyil, eyni zamanda müharibə dövründə də milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir yumruq kimi birləşməyi bacardı. Tolerantlığın Azərbaycan nümunəsi öz sözünü Vətən müharibəsində lap aydın şəkildə nümayiş etdirdi.  Biz vətəndaş olaraq həm ön, həm də arxa cəbhədə mübarizə apararaq düşmənlərimiz üzərində Qələbəni təmin etdik. Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradına baxanda ulu öndərimizin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” məşhur kəlamını qəlbən duyub, hiss etdik. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz qürur və məmnuniyyət duyduq.

Vətəndaşlıq, onunla bağlı bir sıra məsələlər isə hələ qədim zamanlardan bəri böyük əhəmiyyətə malik olduğundan hüquqi tənzimlənmənin predmetidir və öz inkişafında bir sıra mərhələlərdən keçib. Dünya xalqlarının, eləcə də Azərbaycanın hüquq tarixində vətəndaşlıqla bağlı münasibətlərdə zaman-zaman fərqli məfhumlardan istifadə edilsə də,  müasir hüquqda vətəndaş anlayışından  istifadə olunur.

Hər bir ölkədə şəxslərin gündəlik həyatına təsiri olduğu üçün vətəndaşlığın son dərəcə hüquqi əhəmiyyəti və üstünlükləri var. Vətəndaşlıq faktı ilə şəxs səs vermək hüququ, dövlətdə vəzifə tutmaq hüququ, səhiyyə xidmətləri, təhsil, daimi yaşayış yerinə sahib olmaq, əmək fəaliyyəti ilə məşğul olmaq kimi və sair hüquqlar qazanır. Eyni zamanda vətəndaşlıq faktı ilə şəxslərin vəzifələri müəyyənləşir. Vətəndaşlar  onların üzərinə qoyulmuş vəzifələri icra edir, qanuni mənafelərini həyata keçirir, dövlət isə, öz növbəsində, vətəndaşların maraqlarının müdafiəsində dayanır.   
Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsi ilə təsbit olunmuşdur. Həmin maddədə göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda vətəndaşlığın əldə edilməsinin aşağıdakı əsasları təsbit edilmişdir:
1.Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
2. Respublika vətəndaşlığına qəbul edildikdə;
3.Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4.Qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Həmin qanunla vətəndaşlığın əldə edilməsinin dörd əlaməti müəyyənləşdirilib. Azərbaycan Respublikasının ərazisində və respublika vətəndaşlarından doğulmağa görə müəyyənləşən iki əsas prinsip vətəndaşlığın əldə edilməsinin əsas şərtləri hesab olunur. Qeyd edək ki, bir çox ölkələrdə bu iki prinsipə əsaslanan müvafiq qanunlar qəbul edilib. Bu səbəbdən insanların əksər çoxluğu üçün vətəndaşlığın müəyyən olunması heç də mürəkkəb deyil. Azərbaycan Respublikasında hər bir uşaq doğulduqdan sonra qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. 
Qanunla müəyyən edilən mühüm məsələlərdən biri də uşaqların vətəndaşlığının dəyişməsi ilə bağlı olan hüquqi tənzimlənmədir. Belə ki, hər iki valideynin vətəndaşlığı dəyişdikdə onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar. Yəni uşaqların  vətəndaşlıq məsələsi valideynlərinin vətəndaşlığı üzrə müəyyənləşir. Respublika ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa və həmin uşağın üzərində qəyyumluq və ya himayəçilik müəyyən edilmişsə,  uşağın böyüdülməsində iştirak etməyən valideynin və ya valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
Azərbaycan Respublikasının vətəndaşları  əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürürlərsə, həmin uşaq respublika vətəndaşlığını əldə edir. Qanunla əcnəbi və vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsi qaydalarında müəyyən nüanslar mövcuddur. Belə ki, əcnəbi uşağın övladlığa götürülməsində valideynlərdən birinin xarici vətəndaşlığı varsa, uşağın vətəndaşlıq məsələsi valideynlərin qarşılıqlı razılığı ilə öz həllini tapır. Ümumiyyətlə, qanunun tələblərinə diqqət yetirsək, aydın olar ki, həm əcnəbi uşaqların, həm də vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsində valideynlərin birinin əcnəbi vətəndaşlığı varsa, uşağın vətəndaşlıq məsələsi qarşılıqlı razılıq əsasında öz həllini tapır.
Şəxs Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, vətəndaşlığını itirdikdə, eləcə də beynəlxalq müqavilələrdə və qanunla  nəzərdə tutulmuş digər əsaslar olduqda vətəndaşlığına xitam verilir. Əgər  şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində  məsuliyyətə cəlb edilmişsə, yaxud barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.
Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində də  fəxri vətəndaşlıq anlayışından istifadə olunur. Fəxri vətəndaşlıq dünya birliyi, eləcə də konkret ölkə və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərə, onların razılığına əsasən verilir. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.

     Siyavuş Babayev

    Qanunvericilik bölməsinin əməkdaşı

02 dekabr 2022-ci il tarixdə Şərq qapısı qəzeti və "Serqqapısı.az" saytında dərc edilmişdir