date saat
Noyabrın 29-da Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində təhsil alan kursantlar üçün “Məhkəmə ballistik, daktiloskopik, psixoloji ekspertizaların xüsusiyyətləri, hadisə yerinin mühafizəsi və cinayətkar psixologiyası” mövzusunda mühazirə təşkil edilmişdir.
Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev çıxış edərək nazirliyin Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyəti haqqında məlumat vermişdir.Təşkil edilən bu cür tədbirlərin kursantların praktiki və nəzəri bilik və bacarıqlarının artırılmasına, onların gələcək iş fəaliyyətlərinə müsbət təsiri olacağını qeyd etmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinskinin, Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyevin və Psixoloji ekspertiza bölməsinin rəis əvəzi, II dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcovun mühazirələri dinlənilib.
Mühazirədə məhkəmə daktiloskopik ekspertiza fəaliyyətinin tarixi inkişaf yolundan bəhs edilmiş, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışılmışdır. Məruzəçilər məhkəmə-ballistik ekspertizasının anlayışı, tədqiqat obyektləri, həll etdiyi məsələlər, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması barədə məlumat vermişlər. Hadisə yerində əl-barmaq və papilyar naxış izlərinin tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılması barədə və eyni zamanda “İnsan izlərinin tədqiqi” ekspert ixtisası üzrə, xüsusən daktiloskopik ekspertizalardan nəzəri olaraq bəhs edilmişdir.
Həmçinin kursantlara məhkəmə–psixoloji ekspertizasının anlayışı, həll etdiyi məsələlər, məqsədi, təyin edilməsi xüsusiyyətləri, cinayətkarın psixoloji davranışı barədə məlumatlar verilmişdir. Ekspertlər tərəfindən insan psixikasının xüsusiyyətlərindən, psixi vəziyyətin cinayət törədilməsinə təsirindən danışılmışdır.
Sonda ballistikanın tarixi, məhkəmə-ballistik ekspertizasının təşəkkülü, odlu silahın anlayışı, əsas hissələri, təsnifatı, daktiloskopiyanın tarixi, əl-barmaq izlərinin xüsusiyyətləri, hadisə yerində və laboratoriya şəraitində müxtəlif obyektlər üzrində əl-barmaq izlərinin aşkar ediməsi və götürülməsi ilə bağlı videoçarx nümayiş etdirilmiş və kursantları maraqlandıran suallar ətraflı cavablandırlmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti