date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Tibb Kollecinin təşkilatçılığıyla “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda kollec tələbələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin Müalicə- mamalıq laborator diaqnostika,ortopedik stomatologiya işi şöbəsinin tyütoru Pakizə Babayeva qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti haqqında məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs etmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdəndir. Gənclərin sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsində muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.
Sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin Ümumi təbabət klinik fənnlər kafedrasınınn müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda ətraflı məlumat vermişdir.
“Nikahın qeydə alınması” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva nikahın qeydə alınmasının şərtləri, müddəti və proseduru barədə ətraflı məlumat vermişdir. Həbibə Əliyeva müvafiq sahə ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandımışdır.
Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış broşürlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti