date saat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı təhsil müəssisələri ilə dövlət orqanları arasında əməkdaşlığın yaradılması, bilikli və dünyagörüşlü kadrların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama uyğun olaraq qarşıya qoyulan vəzifələrin birgə həyata keçirilməsi məqsədilə Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında 2022-2023-ci tədris ili üçün birgə tədbirlər planı imzalanıb. Tədbirlər planında nəzərdə tutulan işlərin icrası yerinə yetirilir.
Noyabrın 25-də Naxçıvan Dövlət Texniki Kollecinin Bələdiyyə işi ixtisası üzrə təhsil alan tələbələrinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində və Naxçıvan şəhər bələdiyyəsində olaraq iş prosesi və sənədlərlə tanış olmaları təmin edilib. Tələbələr nazirliyin Bələdiyyələrlə iş mərkəzində olarkən onlara mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmiş və qeyd olunmuşdur ki, mərkəzdə bələdiyyə fəaliyyətinə inzibati nəzarət qaydasında daxil olan bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılır. Bələdiyyələrə metodiki köməkliklər göstərilir, onlar bələdiyyə qanunvericiliyinə aid hüquqi ədəbiyyatlarla təmin edilirlər. Tələbələr bələdiyyələrdən daxil olmuş aktlarla və mərkəzin arxivi ilə tanış olmuş, bələdiyyə aktlarının araşdırılması işində iştirak etmişlər.
Naxçıvan şəhər bələdiyyəsində olarkən tələbələr gündəlik iş prosesi ilə, eləcə də daxil olan sənədlərin qeydiyyatı, işlənmə qaydası, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları ilə tanış olmuşlar. Vətəndaşlardan daxil olmuş müraciətlərin araşdırılması, bələdiyyə vergilərinin rəsmiləşdirilməsi sənədləri ilə işləmə qaydasını öyrənmişlər.
Tanışlıq müddəti ərzində bələdiyyə orqanlarının fəaliyyəti və qanunvericiliyin tələbləri əsasında nazirliklə bələdiyyə orqanları arasında əlaqələr barədə ətraflı məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyınin mətbuat xidməti