date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gələcəyin hüquqşünaslarının hüquqi biliklərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq növbəti “Məhkəmə simulyasiyası” layihəsinə start verilmişdir.

Əvvəlcə adıçəkilən orqanların əməkdaşları birinci instansiya məhkəməsi icraatı üzrə simulyasiya prosesinin təşkil edilməsinin əhəmiyyətindən danışmış, keçirilən bu cür simulyasiyaların tələbələrin bilik və bacarıqlarının artırılmasında böyük rol oynayacağını qeyd etmişlər. Məlumat verilmişdir ki, məhkəmə simulyasiyasının təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilir. Belə ki, keçirilən belə layihələr Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə təhsil alan tələbələrinin məhkəmə sahəsində bilik və bacarıqlara yiyələnmələrinə, gələcəkdə günün tələbinə cavab verən, peşəkar mütəxəssislərin hazırlanması və dövlətçilik prosesinə öz töhfələrinə verən kadrların yetişdirilməsi məqsədinə xidmət edir.

Simulyasiya prosesinə Gənclər Fondunun inzibati binasında start verilmişdir. İlk gün tələbələrə iddia ərizəsinin, yekun məhkəmə qərarlarının hazırlanması prosesi izah olunmuş, onlar tərəfindən bu qərarların, qərardadların  hazırlanıb qiymətləndirilməsi kimi fəaliyyətlər haqqında məlumat verilmişdir.

 

Qeyd edək ki, layihənin hüquqi biliklərin təkmilləşdirilməsi və simulyasiya mərhələsindən ibarət olmaqla, iki mərhələdə keçirilməsi nəzərdə tutulub. Hüquqi bilikləri təlim mərhələsindən təkmilləşdirildikdən sonra hüquqşünas tələbələr seçilmiş mövzü ətrafında məhkəmə prosesini keçirəcəklər. Tələbələr məhkəmə prosesində olan hakim, prokuror, vəkil, şahid, təqsirləndirilən şəxs, iddiaçı, cavabdeh rollarını canlandıraraq simulyasiyanın maraqlı və təcrübəyə əsaslanan olmasını təmin edəcəklər. Eyni zamanda tələbələrin məhkəmə prosesində çıxış etmə vərdişlərini inkişaf etdirmələrinə şərait yaradacaq, onlar arasında natiqlik, araşdırma, analizetmə qabiliyyətinin güclənməsinə, qanunvericilik normalarını tətbiq etmələrinə müsbət töhfə vercəkdir.

 

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti