date saat
Noyabrın 23-də Ədliyyə Nazirliyinin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar nazirliyin aparatının və Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə növbəti tədris saatı keçirilmişdir. Tədris saatında nazirlik üzrə xidməti sənədlər və məlumatlarla davranış qaydası, etik davranış qaydalarının möhkəmləndirilməsi və əməl edilməsi barədə məsələlər ətraflı müzakirə edilmişdir.
Qeyd olunub ki, nazirliyin aidiyyəti qurumları tərəfindən mütəmadi olaraq işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması istiqamətində işlər görülür, tədris saatları və seminarlar təşkil edilir. Bu gün hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etməsinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Əməkdaşların istər xidməti, istərsə də xidmətdən kənar fəaliyyəti və davranış qaydalarına riayət etmələri ilə bağlı müntəzəm olaraq yoxlamalar aparılır.
Tədris saatında “Ədliyyə işçilərinin etik davranış qaydaları” haqqında qanunvericilikdən irəli gələn məqamlar diqqətə çatdırılıb. Vurğulanıb ki, ədliyyə işçisi ünsiyyətdə olduğu bütün şəxslərlə davranışında nəzakətli, diqqətli və təmkinli olmalıdır. Peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinin pozulmasına yol verməməlidir.
Qeyd olunanlarla yanaşı nazirlik üzrə xidməti sənədlər və məlumatlarla davranış qaydasına da ciddi əməl edilməsi əməkdaşların nəzərinə çatdırılmış, istifadədə olan dövlət əmlakından, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə edilməsinin vacibliyi vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti