date saat

Noyabrın 23-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Sahib Qurbanov açaraq tədbirin mövzusu barədə məlumat verib.

Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Reyhan Sadiqovanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib. 

Çıxışlarda məlumat verilib ki, icra nümayəndəliklərində müvafiq sahə üzrə onlara verilən səlahiyyətləri həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa  və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanmalıdırlar. Əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Məruzəçilər mülki qanunvericiliyin tələblərindən də ətraflı bəhs etmiş, riayət edilməsinin vacibliyi vurğulanmışdır.

         Sonda mövzu ilə bağlı müzakirələr aparılmış və iştirakçıların suallarına aydınlıq gətirilmişdir.

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti