date saat
Şəxslər dedikdə fiziki və hüquqi şəxslər nəzərdə tutulur. Ötən yazılarımızda fiziki şəxslərlə bağlı mövzuya toxunmuşduq. Ancaq bəzən vətəndaşlar “fiziki şəxs” və “hüquqi şəxs” anlayışlarını bir-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Buna görə də hüquqi şəxslərlə bağlı mövzuya da toxunmaq faydalı olar. Ümumiyyətlə, fiziki və hüquqi şəxslər anlayışına qanunvericlikdə geniş yer verilib. Çünki insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir.
Qeyd edək ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.
Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Publik hüquqi şəxslərin fəaliyyəti Mülki Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər.
Hər bir qurum fəaliyyət göstərmək üçün hər şeydən əvvəl o, yardılmalıdır. Belə qurumların xarakterindən və təyinatından asılı olaraq müxtəlif yaradılma qaydaları olur. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yardılır. Bu iki hərəkət ayrı-ayrılıqda müəyyən hüquqi qaydalarda həyata keçirilərək bir-biri üçün əsas olur. Hüquqi şəxsin nizamnaməsi onun fəaliyyətini nizamlayan əsas sənəddir.
Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alındığı andan, yəni yarandığı vaxtdan öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətinə malik olur. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Mülki hüququn subyekti kimi mülki hüquq münasibətlərinə girən hüquqi şəxs öz üzərinə müəyyən öhdəliklər götürür. Öhdəliklər isə bütün şərtlərə əməl etməklə icra edilməlidir. Əks təqdirdə öhdəlik icra edilmədikdə və lazımınca icra edilmədikdə hüquqi şəxsin məsuliyyəti yaranır. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakı ilə məsuliyyət dayışıyır. Məlumdur ki, hüquqi şəxs mülkiyyətində ayrıca əmlakı olan elə bir qurumdur ki, məhz bu əmlakla öz öhdəlikləri üçün cavabdehdir.
Hüquqi şəxsin olduğu yer onun daim fəaliyyət göstərən orqanının olduğu yer sayılır. Olduğu yerin məlum olmasının böyük əhəmiyyətini nəzərə alaraq qanunvericilik olduğu yeri məlum olmayan hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına yol vermir.
İradə Quliyeva
Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşı
"Nuhçixan.az" saytında dərc edilmişdir