date saat
Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və sosial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində qeyd olunur ki, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmək hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Qeyd edək ki, vərəsəlik hüququnu tənzimləyən qanunvericlik vərəsələrin dairəsini, mirasın qəbul və ondan imtina, vərəsəlik şəhadətnamələrinin verilməsi qaydaları, müddətlərini və digər məsələləri əhatəli nizamlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir çox maddələri vərəsəlik məsələlərinə həsr edilmişdir. Belə ki, Mülki Məcəllənin 1133-cü maddəsində göstərilir ki, “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”.
Qeyd edək ki, vəsiyyət üzrə vərəsəliyin mənbəyi miras qoyanın sadə yazılı formada və ya notariat qaydasında təsdiqlənən vəsiyyətnamədə əks olunmuş iradəsinin ifadəsidir. Qanunvericiliklə müəyyən edilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə bilər. Bildirək ki, qanun üzrə vərəsələrin dairəsi miras qoyanın qohumlarından ibarətdir. Qanun üzrə vərəsəlik zamanı aşağıda adları qeyd edilənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Mülki Məcəlləyə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini də istisna edir. Mövzu ilə bağlı onu da qeyd edək ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun ayrıca bir fəsli vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə həsr edilmişdir. Həmin qanuna əsasən “vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş şəxslərin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər və bu razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Mülki Məcəllədə vərəsəlik şəhadətnaməsinin verilməsi qaydaları və müddətləri də müəyyən edilibdir. Belə ki, “vərəsəlik şəhadətnaməsi vərəslərə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardısa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir”. Qeyd olunanlardan da göründüyü kimi vərəsəlik hüququnun təmin edilməsində ən vacib şərt mirasın vaxtında qəbul edilməsidir. Ona görə də hər bir vərəsə mirasın qəbulu ilə bağlı vərəsəlik hüququnu vaxtında rəsmilləşdirərsə, gələcəkdə vərəsələr arasında mülki mübahisələrin də qarşısı alınar.
Ayaz Məhərrəmov
Ədliyyə Nazirliyinin əməkdaşı
"Naxçivanxeberleri.com" saytında dərc edilmişdir