date saat
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri dövlət bayrağıdır. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu hesab olunmuşdur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.
29 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi Naxçıvanda tarixi, ictimai və siyasi baxımdan mühüm yer tutan Dövlət Bayrağı Muzeyini ziyarət edib. Muzey barədə ətraflı məlumat verilərək bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeyin fondunda 167 eksponat mövcuddur ki, bunlardan 144-ü ekspozisiya zalında nümayiş etdirilir. Eksponatlar içərisində Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları xüsusi yer tutur.
Sonra muzeyə baxış olub. Baxış zamanı ziyarətçilər tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar, o cümlədən Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkan verən eksponatlarla tanış olublar. Ekspozisiya zamanı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımızla bağlı qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında muzeydə yerləşdirilən materiallar barədə məlumatlar xüsusilə ziyarətçilərin marağına səbəb olub.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti