date saat

Oktyabrın 26-da Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi ixtisası” üzrə təhsil alan tələbələri üçün “Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarənin rolu” mövzusunda seminar təşkil edilmişdir. 

Universitetin İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən seminarı fakültənin dekan müavini Asif Abdullayev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının diqqətdə saxlanıldığını, həmin Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırıb.

“Bələdiyyə və turzim” kafedrasının müdiri Flora Kərimova hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat verib. Vurğulayıb ki, bugünkü seminarın əsas məqsədi tələbələrin dövlət və bələdiyyə idarəetməsi sahəsində bilik və bacarıqlarının daha da artırılmasına xidmət edir.

Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, universitetin müəllimi Səttar Zamanov bildirib ki, Ali Məclis Sədri tərəfindən imzalanan bu Sərəncam muxtar respublikanın ali və orta ixtisas məktəblərində təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına  göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu məqsədlə hər ilin oktyabr ayınının əvvəlində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında tədris ili ərzində görüləcək işlərə dair birgə tədbirlər planı hazırlanır və təsdiq edilir. Nazirliyin hamiliyinə verilən dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara nazirliyin və bələdiyyə orqanlarının gündəlik iş prosesi ilə yerində tanış olmaları üçün şərait yaradılır. Bu da təhsil alanların gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnmələrinə rəvac verir.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov “Ölkəmizdə yerli özünüidarəetmə orqanlarının formalaşması” mövzusunda geniş məruzə edib. Qeyd olunub ki, bu gün yerli özünüidarəetmə orqanları dövlət dəstəyi nəticəsində günü-gündən inkişaf edir. Eləcə də muxtar respublikada bu orqanlara yaxşı iş şəraiti yaradılır, yeni inzibati mərkəzlərdə xidməti otaqlar ayrılır, lazımi təhcizatla təmin edilirlər. Bələdiyyə qurumlarına kommunal təyinatlı nəqliyyat vasitələri və xidməti minik avtomobillərinin, təmizlik qutularının təqdim edilməsi görülən işlərin keyfiyyətinin artırılmasına xidmət edir. Məruzəçi yerli özününiadarəetmə orqanlarının səlahiyyətlərinin qanunla tənzimlənməsi barədə tələbələrə ətraflı məlumat vermişdir.

Seminarda tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti