date saat
Ədliyyə Nazirliyinin əsas vəzifələrindən biri olan məhkəmə və digər orqanların qərarlarının vaxtında icra edilməsi daim diqqətdə saxlanılır və bu məqsədlə icra tədbirlərindən yayınan borclularla mütəmadi olaraq profilaktiki tədbirlər təşkli olunur.
Bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyəti nəzərə alınaraq oktyabrın 25-də nazirliyin İcra və probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları tərəfindən növbəti tədbir təşkil olunmuşdur. Tədbirdə Ordubad Rayon İcra və Probasiya Bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı borclu şəxslər iştirak etmişlər.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Emin Mehbalıyev aparılan profilaktik tədbirlərin bu sahədə əhəmiyyətli olduğunu bildirmiş, borcluların maarifləndirilməsinin müsbət təsiri olacağını vurğulamışdır.
Nazirliyin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov bildirib ki, məhkəmə və digər orqanların qərarlarının vaxtında təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, eyni zamanda vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması qarşıya qoyulan əsas vəzifələrdəndir. Nazirlik olaraq qanunvericiliyin tələblərini əsas götürərək bütün hallarda qəbul edilmiş qərarlarda göstərilən tələblərin vaxtında yerinə yetirilməsi üçün səy göstəririk.
Sonra nazirliyin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin məsləhətçisi II dərəcəli ədliyyə qulluqçusu Yaqub Musayev məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinin hüquqi nəticələri və borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması prosesi barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, müvafiq qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər
Sonda borclu şəxsləri maraqlandıran suallara aydınlıq gətirilib və yaranmış çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti