date saat
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə seminar keçirilib.
Seminarı Culfa Rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xaliq Məmmədov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib, rayon ərazisində bələdiyyə orqanlarına göstərilən dövlət qayğısından və bu istiqamətdə görülən işlərdən danışıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və qarşıya qoyulan vəzifələr” mövzusunda çıxış edib. Bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin hüququdur. Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Xəyal Eyvazov bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları barədə əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları” haqqında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əliyev məlumat verib. Qeyd olunub ki, kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının strateji əhəmiyyətli və gəlirli sahələrindən biridir. Əkinçilik sahəsinə göstərilən dövlət maliyyə dəstəyinin, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin bu sahənin ildən-ilə inkişafına, məhsuldarlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verdiyi bildirilib.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətinin idarə edilməsi” barədə qanunvericilkdən irəli gələn digər məsələrə aydınlıq gətirib. Seminarda bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı bağlanan müqavilələr, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət barədə ətraflı məlumat verilmiş, qanunçuluğa əməl olunmasının əhəmiyyəti vurğulanmışdır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti