date saat
Oktyabrın 17-də Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İanə və qrantlarla bağlı qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi, ədliyyə müşaviri Zülfü İsmayılov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Asiman Abbasov “Qeyri-hökümət təşkilatlarının fəaliyyəti, ianə və qrantlarla bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək qeyri-hökümət təşkilatlarının fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, qeyri-hökümət təşkilatarının fəaliyyəti “Qeyri-hökümət təşkilatları (birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən QHT-lərin maliyyələşmə mənbələri içərisində qrantlar və ianələrin əldə edilməsi mühüm yer tutur.
Sonra Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin əməkdaşları Həbibə Əliyeva “Qrant müqavilələrinin qeydə alınması qaydası”, Reyhan Sadiqova “Qeyri-hökümət təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında həyata keçirilən tədbirlər” və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı İsa Əliyev “ Qeyri-hökümət təşkilatlarının maarifləndirilməsi” mövzusunda çıxış ediblər.
Bildirilib ki, Ədliyyə Nazirliyinin əsas vəzifələrindən biri olan qeyri-kommersiya hüquqi şəxslər tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınmasıdır. Tədbirdə qeyri-kommersiya hüquqi şəxslər tərəfindən qrant alınmasına dair müqavilələrin nazirlik tərəfindən qeydiyyata alınmasının qaydaları və proseduru barədə ətrafl məlumat verilib. Vurğulanıb ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən qeyri-hökümət təşkilatları müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti