date saat
Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə Culfa rayonunda yerləşən “N” saylı hərbi hissədə sürücü kimi xidmət edən hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda profilaktik tədbir keçirilib.
“N” saylı hərbi hissə komandirinin müavini polkovnik-leytenant Anar Nəbiyev çıxış edərək maarifləndirici tədbirin əhəmiyyətindən bəhs edib, yol hərəkəti qaydalarına əməl edilməsinin sürücülərin və piyadaların həyat və sağlamlıqlarına olan təsirindən danışıb.
Sonra Culfa Hərbi Polis Bölməsinin rəisi mayor Cavid Ağayevin, Mərkəzinin Psixoloji ekspertizası bölməsinin rəisi III dərəcəli ədliyyə qulluqçusu Valeh Fərəcovun, Mühəndis texniki ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Asif Mahmudovun və Yol nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimovun çıxışları dinlənilib.
Çıxışlar zamanı nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinin tələbləri, avtomobillərin yanğın təhlükəsizliyi qaydaları, eyni zamanda sürücülük psixologiyası barədə ətraflı məlumat verilib, yol hərəkəti qaydalarına riayət olunmaması nəticəsində qanunvericiliklə yarana biləcək məsuliyyət diqqətə çatdırılıb.
Qeyd olunub ki, yol nəqliyyat hadisələrinin əksəriyyətinin sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verdiyindən hərbi hissələrdəki sürücülərin də yol hərəkəti qaydaları ilə bağlı bilikləri daim yenilənməli və təkmilləşdirilməlidir. Sürücülər yola düşməzdən əvvəl nəqliyyat vasitəsinin sazlığını yoxlamalı, xüsusilə də payız-qış mövsümündə havaların yağıntılı olması ilə əlaqədar daha diqqətli olmalı və avtomobillər mövsümə uyğun sinlərlə təmin edilməlidir.
Tədbirdə avtomobillərdə həcmindən və sinfindən asılı olmayaraq avtomobil üçün nəzərdə tutulan və standarta uyğun olmaqla istifadəyə yararlı olan odsöndürən saxlanılmalı olduğunun və yanğın təhlükəsizliyi standartlarının normalarına və qaydalarına riayət ediləməsinin vacibliyi haqqında məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti