date saat
Sentyabrın 22-də Ədliyyə Nazirliyinin əməkdaşları Şahbuz Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbi ilə bağlı borclu şəxslərlə görüşüblər.
Tədbirdə nazirliyin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov çıxış edərək bildirib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olan məhkəmə və digər orqanların qərarlarının icrası daim diqqətdə saxlanılır və icra tədbirlərindən yayınan borclularla mütəmadi olaraq profilaktiki söhbətlər aparılır. Məqsədimiz məhkəmə və digər orqanların qərarlarının vaxtında təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasından ibarətdir.
Sonra nazirliyin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov çıxış ediblər.
Çıxışlarda məhkəmə qərarlarının icra edilməməsinin hüquqi nəticələri, borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilmiş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular barədə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət diqqətə çatdırılıb. Bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qərarların icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qeyd olunub ki, icra məmurunun tələblərininin yerinə yetrilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.
Tədbirin sonunda borclu şəxslər dinlənilmiş, yaranmış çətinliklərin həlli istiqamətində müzakirələr aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti