date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində tədqiqata daxil olan ekspertiza işlərinin vaxtında icra olunaraq aidiyyəti üzrə göndərilməsi və ekspertlərin peşə biliklərinin artırılması diqqətdə saxlanılır. Belə ki, ekspertlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi və zəruri sahələr üzrə mütəxəssislərin hazırlanması məqsədilə onlar davamlı olaraq Bakı şəhərində təşkil olunan təcrübə kurslarına və təlimlərə cəlb edilirlər.

Növbəti dəfə mərkəzin Yanğın ekspertizası üzrə böyük eksperti Asif Mahmudov 12-14 sentyabr 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilən təlimdə iştirak edib. Təlimin mövzusu Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında imzalanmış məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində 2022-ci il üzrə iş planı üzrə həyata keçirilən “Yanğın hadisələrindən sonra elektrik cihazlarının analizlərinin aparılması” olmuşdur.

Qeyd edək ki, təlim müddətində Türkiyə Respublikasında qeyd edilən sahə üzrə fəaliyyət göstərən, eləcə də yerli mütəxəssislərin mövzu ilə əlaqədar mühazirələri dinlənilmişdir. Mühazirələrdə elektrotexniki xarakterli yanğınlar, onların səbəbləri, elektrik qövsü, qısa qapanma və qısa qapanmanın yaranma səbəbləri barədə məruzələr edilmiş, elektrik dövrələrində artıq yüklənmələr və  artıq yüklənmələrin yaranmasına ən çox səbəb olan hadisələr, eyni zamanda böyük qiymətli keçid müqaviməti və keçiricinin ən kəsik sahəsi haqqında ətraflı məlumat verilmişdir.

Üç günlük təlimin sonunda iştirakçılara təlimdə iştirak etmələri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sertifikatlar təqdim edilmişdir.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti