date saat
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilib. Müşavirə Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrası istiqamətində görüləcək işlərə həsr olunub.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov çıxış edərək bildirib ki, sentyabrın 7-də keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın qışa hazırlığını geniş təhlil edərək, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ardıcıl və yorulmaz fəaliyyəti nəticəsində bu gün muxtar respublikamızda elektrik enerjisinin, suyun və təbii qazın verilməsi sahəsindəki bütün problemlər tam şəkildə həll olunub. Lakin bu sahədə görülən işlər heç bir halda bizləri arxayın salmamalıdır. Ona görə də payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Nazir keçirilən müşavirədə növbəti mövsümə hazırlıqla əlaqədar nazirliyin Penitensiar Xidmətinə verilmiş tapşırıqları diqqətə çatdırmışdır. Qeyd edib ki, ilk növbədə cəzaçəkmə müəssisələrinin inzibati binalarının vaxtında istiliklə təmin edilməsi üçün operativ tədbirlər görülməlidir. Qızdırıcı cihazlara, nasoslara, hidroforlara, su xətlərinə yenidən baxış keçirilməli, onların işlək vəziyyətdə olması təmin edilməlidir. Cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq, məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılmalıdır. Qış mövsümü üçün tədarük edilən qida məhsullarının soyuducu anbarlarda saxlanmasına nəzarət edilməlidir. Məhkumlar vaxtında həkim müayinəsindən keçirilməli, qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sifariş verilməsi təmin edilməlidir. Yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması üçün həyata keçirilən kompleks dezinfeksiya tədbirləri davam etdirilməlidir.
Eləcə də nazirliyin balansına daxil olan inzibati binaların qızdırılması üçün nəzərdə tutulan qazanxana və kombilərə texniki baxış keçirilməli, onların işlək vəziyyətdə olması yoxlanılmalıdır. Qazanxanalarda və kombilərdə istilik hava şəraitinə uyğun tənzimlənməli, qazanxanaların sertifikat almış əməkdaşlar tərəfindən istismar edilməsinə diqqət yetirilməli, qazdan, elektrik enerjisindən, sudan və yanacaqdan səmərəli istifadə təmin edilməlidir.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətin Təsərrüfat bölməsinin rəisi ədliyyə mayoru Dövran Abidinov, Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rəşad Fərzəliyev, Mühafizə Taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov, nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış ediblər.
Nazir müşavirəyə yekun vuraraq verilmiş tapşırıqların qısa zamanda təmin ediləcəyini bildirmiş, bu məqsədlə tədbirlər planı təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti