date saat

Sentyabrın 7-də “Bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan səmərəli istifadə olunması” mövzusunda Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirici seminar Babək rayon  Şəkərabad Kənd Mərkəzində keçirilib. Seminarda təşkilatçı orqanların nümayəndələri ilə yanaşı rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları da iştirak edib.

Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Müşfiq Məmmədsoy muxtar respublikada torpaqlardan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsinin əhəmiyyətindən bəhs etmiş, keçirilən maarifləndirici tədbirlərin torpaq istifadəçilərinin fəaliyyətinə müsbət təsir etdiyini qeyd etmişdir.

Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan vəzifələr”, Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı məsuliyyət”  və Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əliyev “Kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları” mövzusunda çıxış ediblər.

Qeyd olunub ki,   iyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbovun verdiyi tapşırıqlardan biri də muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafının aidiyyəti qurumlar tərəfindən diqqətdə saxlanılması, məhsuldarlığın artırılması ilə bağlı olmuşdur. Öz növbəsində yerli özünüidarəetmə orqanları onlara verilən tapşırıqları vaxtında yerinə yetirməli, bələdiyyə mülkiyyətinə aid olan torpaqlardan qanunvericiliyin tələblərinə uyğun istifadəyə nəzarəti gücləndirməli, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının məqsədli təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların qarşısının alınması üçün davamlı tədbirlər görməlidirlər.

Seminarda məhsuldarlığın artırılması məqsədilə göstərilən aqrotexniki tədbirlərin vacibliyindən danışılmış, hər il tikilərək istifadəyə verilən müasir hidrotexniki qurğuların mütərəqqi əkin və suvarma üsullarının tətbiqi ilə torpaqların münbitlik göstəriciləri və su təminatı yaxşılaşdırılması nəticəsində deqradasiyaya məruz qalan torpaq sahələrinin azalması diqqətə çatdırılmışdır. Həmçinin  torpaq sahəsindən təyinatına uyğun olmayan istifadəyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimə növləri və məbləğləri barədə də ətraflı məlumat verilmişdir.

Sonda mövzu ilə əlaqədar verilən suallara aydınlıq gətirilmiş və tədbirdə iştirak edən yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına  metodiki vəsaitlər təqdim edilmişdir.

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti