date saat

Cəmiyyətin və dövlətin özəyi olan ailələrin dağılması daha çox həmin ailələrdə doğulan uşaqların yaşayışlarına və həyat tərzlərinə təsir edir.  Bu təsir həm maddi-mənəvi, həm də psixoloji cəhətdən onların inkişafına mane olur.  Boşanma hallarının artdığı bir dövrdə ölkəmizdə əsas diqqət uşaqların hüquq və mənafelərinin qorunmasına xidmət edir.

Belə ki, konstitusiyamızda göstərilir ki, uşaqları saxlamaq valideynlərin həm borcu, həm də hüququdur. Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına aid olan ailə münasibətlərinin yaranması  və möhkəmlənməsi, onlara  xitam verilməsinin prinsipləri, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələri və dövlət orqanlarının bu sahədə vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin məcəlləyə əsasən hər bir uşaq ailədə yaşamaq, tərbiyə almaq, valideynlərini tanımaq, onların qayğısından yararlanmaq hüququna malikdir. Nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər uşaqların saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən məbləğdə vəsait ödəməyə borcludurlar. Ödənilən həmin vəsait aliment adlanır.

Valideynlər alimenti könüllü olaraq ödəmək istədikdə Ailə Məcəlləsində göstərildiyi kimi yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər bu vəzifələrini könüllü yerinə yetirmədikdə uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Qanunvericiliyə əsasən məhkəmə qaydasında aliment tutulmasının iki qaydası müəyyən edilibdir. Əgər aliment ödəyicisi hər hansı bir sahədə işləyirsə, bu zaman onun aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, yox əgər iş yeri yoxdursa və tərəflər razılığa gəlirsə, sabit pul məbləğində pul vəsaitinin tutlulması nəzərdə tutulur.

Bəs aylıq qazancın tutulması necə həyata keçilir? Bu zaman 1 uşağa görə qazancın və ya digər gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə 1/3 hissəsi, 3 və daha çox uşağa görə qazancın və ya digər gəlirlərin yarısı müəyyən edilir.

Ailə qanunvericiliyinin tələblərinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Qeyd edək ki, alimentin sabit məbləğdə tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Məhkəmə tərəfindən ailələrin maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla alimentin miqdarı artırıla və ya azaldıla bilər. Aliment ödəməli olan valideynin heç yerdə işləməməsi və ya rəsmi qazancının olmaması onu aliment ödəməkdən azad etmir.

Eyni zamanda Ailə Məcəlləsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, digər valideynin uşaqları maddi cəhətdən təmin etmələrində vacib əhəmiyyətə malikdir. 

Nəzərə alsaq ki, uşaqların həm bioloji, həm də psixoloji inkişaf mərhələlərində sağlam olmaları üçün onların yaxşı qidalanma, normal həyat şəraiti ilə təmin olunma ehtiyacları var. Boşanmalar bu ehtiyacların təmin olunmamasına, uşaqların hüquqlarının məhdudlaşdırılmasına şərait yaratmamalıdır. Valideyn olma öhdəçilik, eyni zamanda məsuliyyətdir. Boşanma zamanı qarşıdurma, şiddət və digər hallar uşaqların həyat stabilliyini poza, onlarda psixoloji sarsıntılara səbəb ola bilər. Ona görə də valideynlər ən azından aliment məsələsində həssas olmalı, ödənməsi gərəkən vəsaitin ödənilməsi zamanı çətinlik yaratmamalıdırlar. Boşanma ərlə arvad arasında rəsmi münasibətlərin sonlandırılmasıdır, bu hal heç də uşaqların atalarından, yaxud da analarından ayrılması mənasına gəlmir. Necə ki, bir evdə yaşayan zaman valideynlər özlərini onların maddi, mənəvi bütün ehtiyaclarını ödəməyə məcbur hiss edirdilərsə, bu hal boşanma baş verdikdən sonra da davam etməli, hər bir valideyn üzərinə düşən vəzifəni yerinə yetirməyi özünə borc bilməlidir.

         Nuranə Kərimova

      Ədliyyə Nazirliyinin əməkdaşı

    27 avqust 2022-ci ildə "Şərqin səhəri" qəzetində dərc edilmişdir