date saat
Ədliyyə Nazirliyinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 14-də Culfa rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə növbəti seminar keçirilmişdir. Seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək bildirmişdir ki, qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
İcra hakimiyyətinin nümayəndələri isə bunlardan doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. Qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi əsas vəzifələrimizdəndir. Səyyub Kərimov vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumunun ödənilməsi haqqında da məlumat verərək qeyd etdi ki, dövlət rüsumu ödəndikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı rəsmiləşdirməli və qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Notariat hərəkətlərinin aparılması zamanı qəbul edilmiş dövlət rüsumu 2 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. Əməliyyatlar zamanı qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat məlumatlarının müvafiq elektron informasiya sisteminə ötürülməsinin operativliyini təmin etmək üçün icra nümayəndələri tərəfindən doğum, nikah və ölüm haqqında statistik məlumatlar vaxtında qeydiyyat şöbəsinə təqdim olunmalıdır.
Seminarda Culfa Rayon Qeydiyyat Şöbəsinin rəisi Ramazan Nəcəfov “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Culfa Rayon İcra Hakimiyyəti başçısının Xanəgah inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Paşayev “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış etmişlər.
Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti