date saat

Avqustun 11-də Ədliyyə Nazirliyinin əməkdaşları  tərəfindən Kəngərli rayonunun Qabıllı Kənd Mərkəzində həmin rayon üzrə icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbi ilə bağlı icra işləri üzrə borclu şəxslərlə profilaktik söhbətlər aparılmışdır.

Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov bu sahədə qanunvericiliyin tələblərindən ətraflı məlumat verib. Bildirib ki, bu gün  məhkəmənin müəyyən etdiyi aliment məbləğinin borcludan alınıb tələbkara ödənilməsi nazirliyin əsas vəzifələrindən olmaqla yanaşı, həmin ailədə böyüyən uşaqların təminatında mühüm maliyyə dəstəyidir. Bu məqsədlə məhkəmə qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması diqqətdə saxlanılır.

Nazirliyin İstintaq bölməsinin rəisi ədliyyə müşaviri Zamin Nəbiyev və İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi II dərəcəli ədliyyə qulluqçusu Murad Nağdəliyev çıxış ediblər.

Çıxış edənlər tərəfindən məhkəmə qərarlarının icra edilməməsinin hüquqi nəticələri, borclu şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumat verilib. Qeyd edilib ki, məhkəmə qərarlarını vaxtında icra etməyənlər inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. Çünki məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular barədə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda bütün hallarda məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri vaxtında yerinə yetirilməlidir.

Sonra aliment və pul tələbi ilə bağlı ödənişlərini vaxtında ödəməyən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və iştirakçıların suallarına aydınlıq gətirilmişdir.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti