date saat
Nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icra olunması diqqətdə saxlanılır. Qərarların vaxtında icra edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları tərəfindən icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərilir. İcrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edilir. Nazirliyin müstəntiqi İcra və probasiya şöbəsinin əməkdaşları ilə birlikdə icra sənədi üzrə icradan yayınan borclular barədə profilaktik tədbirlər görmək məqsədilə 2019-cu ilin ..may-iyun aylarında Naxçıvan şəhər, Şərur, Babək və Kəngərli rayon icra və probasiya şöbələrində olmuşdur.
İcra və probasiya şöbələrinin icraatında olan aliment və pul tələbi, inzibati cərimə, uşaqla ünsiyyət, dövlət rüsumunun qaytarılması tələblərinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir.
İcradan yayınan borclu şəxslərə məlumat verilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunununda qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İcra məmurunun tələblərini yerinə yetirməyən tərəflər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb edilirlər.
Bu sahədə aparılan profilaktik tədbirlər digər yerli qurumlarda da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti