date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə Culfa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə sürücü  olaraq xidmət edən hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə profilaktiki tədbir təşkil edilmişdir.

Əvvəlcə tədbirdə Hərbi Prokurorluğun Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi təchizatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Məmməd Məmmədov çıxış edərək keçirilən profilaktiki tədbirin əhəmiyyətindən bəhs etmiş, yol hərəkəti qaydalarının tələblərinin pozulması nəticəsində qanunvericiliklə yarana biləcək məsuliyyətlərdən danışmışdır.

Sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov “Nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunması” mövzusunda çıxış edib. Yol nəqliyyat hadisələrinin qanunvericilikdə təsbiti, onların baş verməsinin obyektiv və subyektiv səbəbləri, həmçinin onların aradan qaldırılması üçün görülməli olan tədbirlər barədə ətraflı məlumat verib. Ekspert təhlükəsiz idarəetmənin əsas prinsipləri, qaydalarını diqqətə çatdırmış, sürücü məsuliyyətsizliyi nəticəsində baş verən qəzaların yol-hərəkəti iştirakçılarının həyat və sağlamlıqlarına vurduqları fəsadlar haqqında danışmışdır.

Vurğulanıb ki, araşdırmalara əsasən baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol-hərəkəti qaydalarına düzgün əməl etməməsi nəticəsində baş vermişdir. Sürücülər nəqliyyat vasitələrinin təhlükəsiz idarə olunmasına nəzarət etmək üçün ilk növbədə hərəkət sürətini düzgün seçməli, yol şəraitini, həmçinin yükün xüsusiyyətini və nəqliyyat vasitəsinin texniki vəziyyətini nəzərə almalıdır. Müxtəlif yol şəraitlərində nəqliyyat vasitəsinin sazlığı yoxlanılmalı, enişli-yoxuşlu yollarda sürət həddi tənzimləməlidir.

Sonda sürücüləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

      Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti