date saat
İyulun 30-da Ədliyyə Nazirliyinin kollektivi orta əsrlər Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsini ziyarət edib. Bələdçi tərəfindən abidənin tarixi haqqında məlumat verilərək bildirilib ki, türbə 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir.
Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür ki, həmin naxışları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada ardıcıllıq yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisindən ibarətdir.
Vurğulanmışdır ki, gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir. Gülüstan türbəsinin fəza quruluşu çevrədən kvadrat əsasa, kubik tutumdan konik əsasa və beləliklə, mütənasiblik sistemlərinin bir-birinə keçməyin bədii texniki həllinin parlaq nümunəsidir. Memarlıq formalarının arasında mütənasiblik, biçim və naxışlarının incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən üstünlüyü ilə seçilir.
Həmin gün nazirliyin kollektivi Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri olan “Əlincəqala”Tarix-Mədəniyyət müzeyində də olublar. Qala haqqında məlumat verən bələdçi bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunmuş və muzeyi yaradılmışdır. Qeyd olunub ki, tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı I-VI əsrlərə aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Əlincəqala Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyəti dövründə də öz möhtəşəmliyini qoruyub saxlamışdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur. Müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunmuş Əlincəqala, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmışdır. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bildirilmişdir ki, muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir. Muzeyin ekspozisiya zalında “Əlincəqala” tarixi abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, bərpa işlərinin gedişindən çəkilmiş fotoşəkillər yerləşdirilmişdir. Vitrinlərdə “Naxçıvan tarixi” çoxcildliyi, Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlərə böyük töhfə olan “Naxçıvan Abidələri Ensiklopediyası” və “Naxçıvan tarixi atlası” kitabları, həmçinin Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları nümayiş olunur.
Muzeyin ekspozisiyasında gümüş kəmər nümunələri də nümayiş olunur ki, bunlar muzeyin ən qiymətli eksponatları sırasındadır. Gümüş kəmər orta əsrlərdə ənənəvi kişi və qadın geyim komplektini tamamlayan əsas dekorativ bəzək əşyası hesab olunurdu. Muzeydə nümayiş olunan müxtəlif corab, araqçın və digər toxuculuq nümunələri, alət və ləvazimatları dəyərli maddi-mədəniyyət nümunələri kimi diqqətə layiqdir. Bu eksponatlar XIX-XX əsrlərə aiddir. Həmçinin, muzeydə məcmeyi, müxtəlif ölçülü mis qablar nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti