date saat
İnsanların rifah halının yaxşılaşması üçün şərait yaradan əsas amillərdən biri də əmək hüququnun mühafizəsi, onların layiqli işlə təmin olunmalarıdır. Müasir dövrdə əməyin mühafizəsinin şərtləndirilməsi sahəsində əmək müqavilələri mühüm rol oynayır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir. Əmək müqaviləsi həm işçi, həm də işəgötürən üçün vacib əhəmiyyət daşıyır. Belə ki, əmək müqaviləsinin bağlanması işçinin əməyinin və gələcək təminatının qorunma altına alınmasına zəmanət verir və hər iki tərəfi öz vəzifə və öhdəliklərini yerinə yetirməyə məcbur edir. Əmək müqaviləsində işçinin əməkhaqqı, iş, istirahət və məzuniyyət vaxtı müəyyən edilir və işçinın gələcəkdə əmək qanunvericiliyində olan güzəşt və təminatlardan istifadə etməsinə imkan yaradır.
Əmək müqaviləsinin bağlanılması yalnız dövlət müəssisələrində deyil, eyni zamanda özəl müəssisələrdə də tətbiq edilir. Əmək müqaviləsini bağlamaqla işçilər əmək qanunvericiliyinin, xüsusuilə Əmək Məcəlləsinin bütün müddəalarından yararlana bilirlər. Əmək Məcəlləsində göstərilir ki, əmək müqaviləsi bağlamaq hər kəsin hüququdur. Bu isə əmək müqaviləsinin bağlanmasını işəgötürənlərin vəzifəsi kimi ehtiva edir. İşəgötürən əmək müqaviləsini bağlamaqdan imtina edə bilməz. Hər kəs işə başlayarkən ilk öncə əmək müqaviləsi bağlamaqla bu hüququndan istifadə etməlidir.
Əmək müqaviləsi sərbəst şəkildə və yazılı formada bağlanılır. Onun məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz.
Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib edilərək tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsində işçi və işəgötürən barədə mütləq təsbit olunmalı məlumatlar göstərilməlidir. Bunlara işçi və işəgötürən haqqında məlumat, əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün, əmək müqaviləsinin müddəti, işçinin əmək funksiyası, tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi, işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd və tərəflərin müəyyən etdiyi digər əlavə şərtlər barədə məlumatlar daxil edilir.
Əmək müqaviləsi müddətsiz və ya müddətli olmaqla bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilmədikdə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Əmək müqaviləsinə xitam verilməsi yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada həyata keçirilə bilər. Həmin məcəllədə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin bitməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin müvafiq bəndinə nəzərdə tutulan işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyənləşdirdiyi digər hallar aiddir.
Qanunvericilikdə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar nəzərdə tutulmuşdur. Bir qayda olaraq işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Əmək müqaviləsinin müsbət tərəfləri çoxdur. Bulardan biri də işçi və işəgötürən arasında yaranan əmək mübahisələrinin həlli ilə bağlıdır. Belə ki, müqavilədə tərəflərin hüquq və vəzifələri konkret müəyyənləşdirildiyindən mübahisə yaradacaq məsələlərin minumuma endirilməsinə, yaranmış mübahisələr zamanı isə məhkəmə və digər vasitələrlə həmin mübahisələrin həllinə ayrılan vaxtın qənaətinə imkan yaradır. Qeyd etmək lazımdır ki, əmək müqaviləsinin bağlanması işçinin, işəgötürənin, eyni zamanda dövlətin maraq və mənafeyinə xidmət edir. İşləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə son dərəcə diqqətlə yanaşmalı və bu məsələdə maraqalı olmalıdırlar. Əmək müqaviləsinin bağlanmaması vətəndaş üçün gələcəkdə sosial problemlərin yaranması ilə yanaşı eyni zamanda dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin gizlədilməsinə də şərait yaratmış olur.
Təşkilat-nəzarət şöbəsinin baş məsləhətçisi Kərimova Nuranə
29 iyul 2022-ci il tarixdə "Yeni həyat" qəzetində dərc edilmişdir