date saat
Məlum olduğu kimi, torpaq ehtiyatları hər bir ölkənin davamlı inkişafının əsas şərtlərindən biridir. Muxtar respublikamızın sosial-iqtisadi inkişaf strategiyasında aqrar sahə həmişə önəmli yer tutmuşdur. Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılması, torpağın münbitliyinin bərpası və artırılması istiqamətində, bütövlükdə, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da bir sıra tədbirlər həyata keçirilmiş və belə tədbirlər bu gün də davam etdirilməkdədir.
Aqrar sahənin inkişafına dair son illərdə qəbul olunmuş Dövlət proqramlarında, normativ-hüquqi aktlarda torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsi sahəsində icrası zəruri olan bir çox vacib tədbirlər nəzərdə tutulmuş və hazırda uğurla icra olunmaqdadır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun bir çox müddəaları kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə ilə bağlıdır. Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar kənd təsərrüfatı torpaqları sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə mülkiyyətində olan torpaqlar Torpaq Məcəlləsi ilə və müvafiq normativ-hüquqi aktlarla istifadəyə və icarəyə verilə bilər. Torpaq üzərində bələdiyyə mülkiyyəti bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar hesabına yaranmışdır. Ərzaq təhlükəsizliyinin təmin olunmasında bələdiyyə torpaqlarının da mühüm rolu vardır. Həmin torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyinin təmin olunması baxımından bələdiyyə torpaqlarından yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi qarşıya qoyulan mühüm vəzifələrdəndir.
2022-ci il iyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov aidiyyəti üzrə tapşırıqlar verərək demişdir: “Ulu öndərin tövsiyələrinə uyğun olaraq muxtar respublikada strateji ərzaq məhsulu olan taxılçılığın inkişafı bundan sonra da aid qurumlar tərəfindən diqqətdə saxlanılmalı, məhsuldarlıq artırılmalıdır”. Muxtar respublikanın ərazisində fəaliyyət göstərən bələdiyyələrin ərazilərində həm suvarılan, həm də dəmyə əkinin aparılması üçün torpaq sahələri vardır. Dəmyə əkininin də böyük iqtisadi əhəmiyyəti vardır və yerli özünüidarəetmə orqanları bələdiyyə mülkiyyətinə aid torpaqlarda dəmyə əkininin aparılmasına daha çox diqqət ayırmalı, aidiyyəti qurumlarla əməkdaşlıq əlaqələri gücləndirilməli, bu kateqoriyadan olan torpaqlarda əkin aparılması ilə bağlı vətəndaşlara zəruri köməkliklər göstərilməlidir.
Qanunvericilikdə bələdiyyə torpaqlarının mühafizəsi, o cümlədən onların təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət etmək bələdiyyələrin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bu məsələlər Torpaq Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaqların münbitliyi haqqında” qanunlarda və digər normativ-hüquqi aktlarda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən ardıcıl 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi, eləcə də istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına yol verilməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilməsinin əsaslarından biridir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinə əsasən torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. Bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə müvafiq məhkəmələrə müraciət edilməsi və iddialar qaldırılması, torpaqların münbitliyinin yaxşılaşdırılması və digər məsələlərin həll edilməsi bələdiyyələr tərəfindən həyata keçirilir.
Torpaqların mühafizəsinin təşkilinin başlıca istiqamətlərindən biri də torpaqların münbitliyinin təmin edilməsidir. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Belə ki, bələdiyyələrin bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul etmək, öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək, bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə nəzarət etmək və sair səlahiyyətləri var.
Qanunvericilikdə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər üçün məsuliyyət tədbirləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma hallarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də məsuliyyət müəyyən edilmişdir.
Məlumdur ki, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması ərzaq bolluğunun yaranmasına müsbət təsir göstərən mühüm amillərdəndir. Bu məqsədlə bundan sonra da icarəyə verilmiş bələdiyyə torpaqlarından məqsədli təyinatına uyğun daha səmərəli istifadə edilməli, torpaq sahələrinin zəbt olunması, özbaşına məqsədli təyinatın dəyişdirilməsi, münbit qatının korlanması, habelə bu sahədə baş verən digər qanun pozuntularının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.
Bələdiyyələrlə iş mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Xəyal Eyvazov
"Şərq qapısı" qəzetində və "Naxcivanxeberleri.com" internet səhifəsində dərc edilmişdir