date saat

Ədliyyə Nazirliyi tərəfindən hüquqi maarifləndirmə tədbirləri çərçivəsində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən növbəti tədbir Culfa rayonunda baş tutmuşdur.

Tədbiri Culfa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elmar Həsənov  açaraq qeyd edib ki, qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklərin də səlahiyyətlərinə daxildir. Məsul şəxslər onlara həvalə edilən vəzifələri həyata keçirərkən qanunvericiliyin tələblərinə düzgün şəkildə əməl etməli, vətəndaş məmnunluğuna şərait yaratmalıdırlar. 

Nazirliyin əməkdaşı Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxış edərək  bildirib ki, inzibati ərazi dairələri üzrə nümayəndəliklər səlahiyyətlərinə verilmiş, doğumun, ölümün və nikahın qeydiyyata alınması zamanı qanunvericiliyin tələblərinə əməl etməli, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Bu icra nümayəndəlikləri tərəfindən müvafiq sahə üzrə əməliyyatlar aparılarkən kargüzarlıq qaydalarına riayət edilməli və nöqsanlara yol verilməməlidir.

Seminarda nazirliyin əməkdaşları Həbibə Əliyevanın “Ailədə uşaqların hüquqları, ad hüququ, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzularında çıxışları dinlənilmişdir.  

Yeni doğulmuş uşaqlara ad verilməsi məsələsinə diqqət çəkilərək vurğulanıb ki, uşaqlara ad valideynlərin birgə razılığı əsasında verilir. Qanunvericiliyə əsasən uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən qanunvericiliyin müddəaları nəzərə alınmaqla həll olunur.

Bildirilib ki, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları bir sıra notariat hərəkətləri aparırlar. Yerli icra nümayəndəlikləri öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, aparılan əməliyyatlar  zamanı qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli, rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.

Seminarda iştirakçılara nazirlik tərəfindən hazırlanmış “İcra nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin əsas məqamları”ndan bəhs edən broşurlar paylanılmış, onların maraqlandıqları sahələr üzrə suallara aydınlıq gətirilmişdir.   

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti