date saat
2022-ci ilin birinci yarısında icra və probasiya şöbə və bölmələrində görülmüş işlər və qarşıda duran vəzifələrə dair xidməti müşavirə keçirilmişdir. Müşavirədə hesabat dövrü ərzində görülən işlərin geniş təhlili aparılmış, mövcud sahədə olan icra işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəni giriş sözü ilə açaraq bildirib ki, hesabat dövrü ərzində məhkəmə və digər orqanların qərarlarının icrasının vaxtında və dürüst təmin edilməsinə də nəzarət artırılmışdır. Hazırda qurumların icraatında 8167 icra işi vardır ki, bunların da 5953-ü ötən illərdən icrası davam edən işlərdir. Birinci yarımili ərzində icradan yayınan 197 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, məhdudiyyətin qoyulmasına səbəb olmuş hallar aradan qalxdığına görə 82 nəfər borclunun üzərindən məhdudiyyət götürülmüş, aliment və pul tələbləri ilə bağlı öhdəliklərini yerinə yetirməyən borclular inzibati qaydada həbs edilməsi üçün təqdimatlar verilmiş və məhkəmələr tərəfindən təmin edilmişdir. Eləcə də icradan yayınan borclular barəsində axtarış qərarı qəbul edilərək ərazi polis orqanlarına göndərilmişdir.
Nazir qeyd edib ki, bu sahədə vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, hər bir müraciət diqqətlə öyrənilmiş, qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülmüşdür. Eyni zamanda vətəndaşların nazirlikdə qəbulu həyata keçirilmiş, müraciətləri araşdırılaraq onlara lazimi köməkliklər göstərilmişdir.
Qeyd olunmuşdur ki, görülən işlərlə yanaşı bəzən nöqsanlı hallara da rast gəlinir. İlk növbədə hər bir əməkdaş daha məsuliyyətli, nizam-intizamlı olmalı, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarının tələblərinə düzgün əməl etməli, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir. İcraatda olan işlərin icra olunma faizi yüksəldilməli, aliment və pul tələblərində ödəmələrin vaxtında aparılması təmin edilməlidir. İcradan yayınan borclular barəsində müvafiq tədbirlərin görülməsi işi sürətləndirilməlidir.
Məruzə ətrafında nazirliyin icra və probasiya şöbəsinin rəisi və yerli icra və probasiya qurumlarının rəisləri çıxış edərək görülən işlər barədə məruzə etmişlər. Çıxış edənlər icraata daxil olan işlərin kateqoriyası və icra vəziyyəti barədə geniş məlumat vermişlər.
Nazir ikinci yarım il üçün görüləcək işlərə dair tapşırıqları diqqətə çatdıraraq bildirmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyə məhkəmə qərarlarının vaxtında icra olunmasına nəzarətin gücləndirilməsi tapşırığı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq növbəti hesabat dövrü icraatda olan işlərin, xüsusilə də aliment və pul tələblərində ödənişlərin vaxtında yerinə yetirilməsinə diqqət daha da artırılmalı, bu sahədə olan vətəndaş müraciətlərinin sayının artmasının qarşısının alınması üçün lazımı tədbirlər görülməlidir. Qərarları icra etməyənlər barədə təsirli tədbirlərin miqyası genişləndirilməli, icradan yayınan borclular barədə profilaktik tədbirlər davam etdirilməlidir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti