date saat
Müstəqil dövlətimizdə uğurla aparılan sosial-iqtisadi siyasət nəticəsində mülki dövriyyənin də dairəsi genişlənmişdir. Fiziki və hüquqi şəxslərə göstərilən hüquqi xidmət səviyyəsinin artırılması daim diqqət mərkəzində saxlanılır, informasiya-texniki imkanların yaratdığı şəraitdən səmərəli şəkildə istifadə edilir. Bu sahədə qəbul edilmiş qanunvericilik aktları mülki dövriyyənin iştirakçılarının hüquqlarının qorunmasını, xüsusi mülkiyyətin etibarlı müdafiəsini təmin edir.
Qeyd edək ki, notariat mülki-hüquqi dövriyyənin iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunmasını əsasən əmlaka dair əqdlərin bağlanması və öhdəliklərin icrası zamanı həyata keçirilir. Aparılan əməliyyatlar arasında daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavillərin rəsmiləşdirilməsi vətəndaşların hüquqlarının müdafiəsi və təsdiqi baxımdan mühüm yer tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyeklərinə dair sərəncam verilməsi haqqında müqavillələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlayır.
Qeyd olunmalıdır ki, daşınmaz əmlaka sərəncam (alqı-satqı, bağışlama, dəyişdirmə, ipoteka və s.) verilməsinə dair müqavilələrin notariat formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və heç bir hüquqi nəticə yaratmır. Notarial formaya riayət edilməsi müqavilələrin etibarlılığını təmin edir, tərəflərin onun məzmunu barəsində qarşılıqlı razılaşmalarını aydınlaşdırır, dəqiqləşdirir və müqavilənin bağlanması faktını təsdiq edir. Müqavilələrin notarial təsdiqi həmçinin, gələcəkdə yarana biləcək mübahisələrin qarşısını alır, müəyyən faktların məhkəmədə sübüt edilməsi imkanını təmin edir. Xatırladaq ki, notarial təsdiq zamanı tərəflərin şəxsiyyəti və fəaliyyət qabiliyyətli olması aydınlaşdırılır, hüquqi şəxslərin hüquq qabiliyyəti, nümayəndə vasitəsi ilə aparıldıqda isə onun səlahiyyəti yoxlanılır. Qeyd edək ki, mülki qanunvericiliyin tələbinə görə, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri yalnız onların qanuni nümayəndəıəri olan nümayəndələri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslər isə qanuni nümayəndələrinin (valideynlərdən biri öldükdə, xəbərsiz itkin düşdükdə, bu halı təsdiq edən müvafiq sənədlər olduqda onlardan birinin, habelə övladlığa götürənlərin və ya himayəçilərin razılığı ilə) əqdləri bağlaya bilərlər.
Ər-arvadan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdləri bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Müasir mərhələdə respublikamızda yaradılan informasiya-texniki imkanların yaratdığı şərait nəticəsində məlumatların “Elektron notariat” informasiya sistemi vasitəsi ilə əldə edilməsi tərəflər üçün daşınmaz əmlakla bağlı müqavilələrin də rəsmləşdirilməsi prosedurunu asanlaşdırmış və vaxt itkisinin azaldılmasını təmin edir.
Sonda onu da qeyd edək ki, mülki qanunvericliyimizdə əksini tapan hüquqi əsaslar, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə olunmasına, daşınmaz əmlak ilə bağlı əməliyyatların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmləşdirilməsinə, hüquqlardan sui-istifadə hallarının qarşısını almaqla qanunçuluğun təmin edilməsinə yönəlmişdir.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov
22 iyul 2022-ci il tarixdə "Naxcivanxeberleri.com" internet səhifəsində dərc edilib