date saat
İyulun 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ədliyyə orqanlarında 2022-ci ilin birinci yarısında görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, nazirlik hesabat dövrü ərzində hüquqi təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirmiş, qarşıya qoyulan vəzifələrin icrası təmin edilmişdir.
Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və məhkumların gündəlik təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. Məhkumların sağlamlığının qorunması və tibbi təminatı diqqət mərkəzində saxlanılmışdır.
Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə 179 ekspertiza işinin tədqiqatı aparılmışdır. Tədqiqatı aparılan ekspertizalar üzrə ümumilikdə 142 rəy, 24 ekspert arayışı verilmiş, 6 iş icrasız geri göndərilmiş, 1 işin icraatı vəsatət verildiyindən müvəqqəti dayandırılmış, 6 ekspertiza işinin icrası isə hazırda davam etdirilir.
Hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması üçün icra işinin təkmilləşdirilməsi diqqətdə saxlanılmışdır. Yerli icra və probasiya qurumlarında icrası çətinlik törədən icra işlərin icrasına köməkliklərin göstərilməsi davam etdirilmiş, qərarları icra etməyənlər barədə təsirli tədbirlər görülmüş, borclularla profilaktik söhbətlər aparılmışdır. İlin birinci yarısında yerli icra və probasiya qurumlarının icraatına 2214 icra sənədi daxil olmuş, bunlardan 728 iş tam icra olunmuş, 1324 iş icraya yönəlmiş, 60 iş geri qaytarılmış, 102 iş ərazi aidiyyəti üzrə göndərilmiş, 404 nəfər borclu barəsində axtarış qərarı verilmiş, 302 nəfər borclu barəsində verilmiş axtarış qərarları icra edilmişdir. Verilmiş təqdimat əsasında 1 borclunun barəsində cinayət işi başlanılmışdır.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq daxil olmuş müraciətlər vaxtında qeydiyyata alınmışdır. Babək və Ordubad rayonlarında icra nümayəndələri üçün seminarlar təşkil edilmişdir.
Cari ilin birinci yarısında dövlət notariat ofislərində 9560 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmış, dövlət büdcəsinə 72953 manat dövlət rüsumu ödənilmişdir. Nikah evləri və qeydiyyat şöbələri tərəfindən 5285 əməliyyat aparılmış və dövlət büdcəsinə 16336 manat dövlət rüsumu ödənilmişdir.
Bələdiyyə fəaliyyəti ilə əlaqədar aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq edilmiş, birlikdə aktual mövzularda seminarlar təşkil edilmişdir. Bələdiyyə orqanlarına yerində zəruri metodiki və əməli köməkliklər göstərilmiş, kargüzarlıq işinin düzgün aparılması, qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı lazımi tövsiyələr verilmişdir. Bələdiyyə orqanlarına qanunvericiliyə əməl edilməsi ilə bağlı tövsiyə məktubları göndərilmiş, bələdiyyə sədrlərinə metodiki vəsaitlər təqdim edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə orqanlarından nazirliyə daxil olmuş bələdiyyə aktlarının hüquqi ekspertizası keçirilmişdir.
Profilaktika işinin və hüquqi təbliğatın önəmini nəzərə alan nazirlik bu istiqamətdə tədbirlərini davam etdirmişdir. Hesabat dövrü nazirliyin əməkdaşları Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Dövlət Radiosunda efirə gedən proqramlarda çıxışlar etmiş, “Şərq qapısı” qəzetində, rayon (şəhər) qəzetlərində, elektron informasiya resurslarında məqalələri dərc edilmişdir.
Hesabat dövrü nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarının tələbələri ilə müxtəlif tədbirlər reallaşdırılmışdır. Muxtar respublikanın ali təhsil müəssisələrində müxtəlif mövzularda seminarlar və təlimlər keçirilmiş, Gənclər Fondu ilə birlikdə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Xəmsə” milli intelektual oyunu və “İcra simulyasiyası” layihəsi həyata keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə tələbələrin nazirlikdə, tabe qurumlarda, eləcə də bələdiyyə orqanlarında istehsalat təcrübəsi keçmələri təmin edilmişdir.
Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq hesabat dövrü ərzində hüquqi aktların qanunvericiliyə uyğun və vaxtında daxil edilməsi təmin edilmişdir.
Kollegiya iclasında görülmüş işlərlə yanaşı, ədliyyə orqanlarında yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə qulluqçuları qarşısında qoyulan tələblər, eləcə də ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı verilən bütün tapşırıqların təmin edilməsinin vacibliyi vurğulanıb.
Nazir qeyd etmişdir ki, Cənab Sədrin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında icra və bələdiyyə fəaliyyəti ilə bağlı qarşımıza qoyduğu tapşırıqlar növbəti hesabat dövrü əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. İlk növbədə tapşırıqların icrası istiqamətində görülən işlərə nəzarət gücləndirilməli, nazirliyin bütün xidmət sahələri işə diqqəti daha da artırmalıdır.
Profilaktika işi və hüquqi maarifləndirmə növbəti hesabat dövrü davam etdirilməli, şəxsi heyətinin əmək və icra intizamına gündəlik nəzarət edilməlidir. Penitensiar müəssisələrdə profilaktika tədbirləri davam etdirilməli, ekspertlərin nəzəri və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə diqqət artırılmalıdır. Məhkəmə qərarlarının düzgün və vaxtında icra olunmasına nail olunmalıdır. Notariat və qeydiyyat əməliyyatları zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət edilməlidir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət daha da gücləndirilməli, metodiki köməklik və maarifləndirici tədbirlər davam etdirilməlidir.
Məruzə ətrafında Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov; İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov, Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edib, müzakirələr aparılıb.
Kollegiyada iclasında nazirliyin kollegiya qərarı təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti